Dəm qazıından zəhərlənmələrin əksəriyyəti vətəndaşın məsuliyyətsizliyindən yaranır
Davamlı enerji və qaz təchizatı insanların sosial-məişət firvanlığı üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, məhz bu istiqamətdə SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi (İB) son bir neçə ildə əhəmiyyətli layihələr və işlər həyata keçirib. İndi ölkənin bütün regionlarının, hətta ucqar dağ kəndlərinin «mavi yanacaq»la təchizatı bir reallıqdır və hazırda bu istiqamətdə işlər davam edir.
Lakin təbii qazdan təhlükəsiz istifadə isə həmişə aktual olaraq qalmaqdadır. Xüsusilə, partlayışların və dəm qazından zəhərlənmələrin azaldımması istiqamətində ciddi mübarizə vasitələrinin olması vacib məsələdir. Bəs dəm qazı nədir və ondan necə qorunmaq olar? Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız; havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.
Dəm qazının ən ram edilməyən tərəfi odur ki, onu «tanımaq», vaxtında aşkarlamaq olmur. Onun əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Mütəxəssislər bunlarla yanaşı, mənzillərdə təbii qazı (metan) və dəm qazını aşkar edən detektorlar quraşdırılmasını da tövsiyə edirlər.
Bəli, ara-sıra dəm qazından zəhərlənmələrlə bağlı məlumatlara da rast gəlirik. Bu hadisənin baş verməsi isə bəzi hallarda insan ölümü ilə nəticələnir. Bəs bu tip facələrin qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilməlidir? Həmçinin belə faciələrin qarşısını almaq yalnız dövlət idarələrindənmi asılıdır?- kimi suallar indi də aktuallığını qorumaqdadır.
Aparılan araşdırmalara görə, dəm qazından zəhərlənmələrdə və təbii qazla bağlı partlayışlarda birinci növbədə günahkar vətəndaşdır, onun məsuliyyətsizliyidir. Ona görə ki, qaz təsərrüfatı işiçiləri, onun təhlükəsizliyi ilə məşğul olan əməkdaşları mütəmadi olaraq mənzillərdə reydlər keçirərək standartlara uyğun olmayan avadanlıqları və təlimata uyğun gəlməyən , qaydalardan kənar çəkilən qaz xətlərini, eyni zamanda, standartlara uyğun olmayan qaz-istilik avadanlıqlarını istfadədən çıxarırlar. Ancaq yenidən gizlicə qoşulmalar, ucuz və standartlara uyğun olmayan qaz cihazlarından istifadələr həm zəhərlənmələrə, həm də partlaıyışlara şərait yaradır. Əslində, bu gerçəklikləri görəndə insanda belə bir fikir yaranır ki, sanki vətəndaşlar öz həyatlarını təhlükəyə atmaqda «həvəsli»dirlər.
Burada bir haşiyə çıxmaq yerinə düşər ki, bəzən məişət qəzalarında insan ölümlərini qaz zəhərlənməsi ilə bağlamaq bir dəb halını alıb. Məqsəd isə digər təşkilatların insan ölümündəki məsulliyətini özlərindən kənarlaşdırmaqla qaz təsərrüfatının üzərinə atmaqdır. Ötən illərdə Sumqayıtdakı mebel sexlərinin birində baş verən yanğını təbii qaz partlaması kimi qeydə almışdılar. Lakin sonradan məlum olmuşdur ki, orada ümumiyyətlə, qaz xətti yoxdur. Partlayış maye qaz balonundan olub.
Digər mənfi hal isə odur ki, «Azəriqaz» İB-nin əməkdaşları qaz avadanlıqlarından təhlükəsiz istifadə hallarını yoxlamaq üçün evlərə baxış keçirib standarta uyğun olmayan qaz xətlərini ləğv edəndə və avadanlıqları yığışdıranda abonentlər bundan narazı qalırlar. Təbii ki, narazı qalan abonentlər ailəsinin təhlükəszliyinə biganə qalan məsuliyyətsiz ailə başçılarıdır. Hətta onlar bu kimi hallarla üzləşəndə qaz təsərrüfatı əməkdaşlarına müxtəlif yollarla- xahiş, minnət və telefon zəngləri ilə təzyiq edirlər. Belə abonentlərə «el arasında cəhənnəmi satın alanlar» da deyilir.
Bü gün Azərbaycanda 2 milyondan çox təbii qazdan istifadə edən abonent var və onların hər birinə nəzarətçi təyin etmək mümkün deyildir. Bu halda faciələrin qarşısının alınmasında ən böyük məsuliyyət və vəzifə elə abonentlərin üzərinə düşür. Necə deyərlər, kim yaşamaq istəmirsə günah onun özündədir.
Bu arada bir faktı da qeyd etmək yerinə düşər ki, qazdan zəhərlənmələrdə daha çox qaz təsərrüfatı işçilərini təqsirləndirmək absurrdur. Necə ki, avtomobil qəzası zamanı baş verən facəilərdən dövlət yol polisi əməkdaşları, özünü çaya və dənizə atıb intihar edənlərə görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri məsuliyyət daşımırlar, eləcə də öz evində özünə faciə yaşadan abonet üçün də qaz təsərrüfatı işçilərini günahlandırmaq məntiqə uyğun deyildir. Məntiqlə dəm qazından zəhərlənib ölən varsa onun qatili elə həmin insanın məsuliyyətsizliyi, həyatına dəyər verməməsidir.
Amma bütün hallarda «Azəriqaz» İB-nin təhlükəsizliyə məsul olan əməkdaşları da öz işlərinin məsuliyyətini daha geniş mənada anlayaraq insanların bu istiqamətdə maariflənməsinə, onlarda təbii qazdan istifadəyə ciddi məsuliyyət və fikir yaratmağa nail olmalıdırlar və olurlar da…
Məlumdur ki, Birliyin həmin sahəyə məsul olan qurumları bu istiqamətdə işlər həyat keçirməkdə davam edirlər. Belə ki, xüsusimlə qış aylarında «Azəriqaz» İstehsalat Birliyi tərəfindən respublika ərazisində «Təbii qazdan təhlükəsiz istifadə aylığı» elan edilir. Bu məqsədlə Birlik tərəfindən xüsusi Tədbirlər Planı hazırlanır və təhlükəsiz istifadə aylığının keçirildiyi müddətdə Birlikdə güçləndirilmiş iş rejiminə keçirilir. Bundan başqa, regionlarda yerləşən Qaz istismar sahələrinin xidməti ərazilərində də bu istiqamətdə bir sıra mühüm işlər görülür.
Qeyd edilənlərlə yanaşı, təbii qazdan təhlükəsiz istifadə aylığı müddətində qaz istismar sahələrində aidiyyəti mütəxəssislər tərəfindən reydlər keçirilir, təbii qazdan istifadə qaydalarını pozan istehlakçıların müqavilə ilə müəyyən edilmiş qaydada qaz təchizatının dayandırılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldılması üçün müvafiq tədbirlər görülür. Ümumi məqsəd isə belədir ki, davmlı olaraq qazdan zəhərlənmə halları, xüsusən insan ölümü aradan qaldırılsın.
Elçin Zaman, «İki sahil»