Bu yaxınlarda tanınmış ədəbiyyatşünas alim, istedadlı pedaqoq, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Abbas Hacıyevin 75 yaşı tamam oldu.
75 illik ömür yolunda müdriklik zirvəsini fəth edən Abbas Hacıyev sözün həqiqi mənasında elm, təhsil yolunda uzun, mənalı, çətin və şərəfli bir yol keçib. Ədəbiyyatşünas alimin həyat xronologiyasına diqqət yetirdikdə bir daha əmin olursan ki, Azərbaycan dissident ədəbiyyatının yorulmaz tədqiqatçısı, tanınmış siması Abbas Hacıyev istedadı, səbri, təmkini, həm də inadı və əzmi sayəsində öz məqsədinə doğru addım-addım irəliləyib, seçdiyi yoldan ayrılmayıb, hər nə olursa-olsun öz təməl prinsiplərindən əsla vaz keçməyib. Doğrudur, fədakar alim bu yolda çox çətinliklərlə qarşılaşıb. Lakin o, bu maneələri, müşkülləri, rastlaşdığı çətinlikləri hədəfinə, amalına doğru növbəti adddım hesab edərək seçdiyi yolda böyük inam və qətiyyətlə irəliləyib.
…Yüzilləri adlayıb, qərinələrin süzgəcindən keçib bugünümüzə gəlib çatan bir atalar sözü var: “Kənardan baxana döyüş asan gəlir”. Təbii ki, əcdadlarımızın bizə miras qoyduğu bu müdrik kəlamı sözgəlişi xatırlamadıq. Çünki zaman və məkan anlayışlarına diqqət etmədən
Abbas Hacıyevin əzmkarlıq nümayiş etdirərək öz məqsədinə nail olmaq üçün böyük çətinlikləri necə aşdığını dərk edə bilmərik.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Abbas Bəbir oğlu Hacıyev 1950-ci il yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Qarabağlar kənd orta məktəbini əla qiymətlərlə başa vuran A.Hacıyev 1967-1971-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində əyani təhsil almışdır. Onu da qeyd edək ki, o, Naxçıvan Dövlət Universitetinin birinci buraxılış məzunlarındandır.
Ali məktəbi müvəffəqiyyətlə bitirən A.Hacıyev 1973-2004-ci illərdə Şərur rayonunun Yuxarı Daşarx, Sədərək, Yurdçu və Qarabağlar kənd məktəblərində ixtisası üzrə müəllim işləmişdir. Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən A.Hacıyev 1989-1995-ci illərdə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Özünü istedadlı müəllim, yenilikçi pedoqoq kimi təsdiq edən A.Hacıyevin qabaqcıl iş təcrübəsi rayon təhsil şöbəsinin buraxdığı bülletenlə yayılmışdır. O, baş müəllim, metodist-müəllim və ali kateqoriyalı müəllim dərəcələri almışdır.
A.Hacıyev həm də “Qabaqcıl maarif xadimi”, “Azərbaycan Respublikasının təhsil əlaçısı”dır. İstedadlı pedaqoq 1998 və 2003-cü illərdə Azərbaycan müəllimlərinin XI və XII qurultaylarının nümayəndəsi olmuşdur.
A.Hacıyev 2002-2005-ci illərdə Naxçıvan MR Təhsil Nazirliyində baş mütəxəssis vəzifəsində işləmişdir. Müəllimlik fəaliyyəti ilə yanaşı, mütəmadi olaraq dövri mətbuatda müxtəlif məzmunlu məqalələrlə çıxış edən müqtədir qələm sahibi A.Hacıyev 1974-2003-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri olmuşdur.
Elmi-tədqiqat işlərinə dərin maraq, ədəbiyyatşünaslığımıza layiqli töhfə vermək arzusu A.Hacıyevi yenidən məzunu olduğu ali təhsil ocağına -Naxçıvan Dövlət İniversitetinə qaytardı. O, 1998-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, sonra universitetin “Qeyrət” nəşriyyatında redaktor, Arxiv işi və muzeyşünaslıq kafedrasının dosenti, “Universitet dünyası” muzeyinin müdiri vəzifələrində işləmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosent A.Hacıyev Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvüdür. Abbas Hacıyev ondan artıq elmi və elmi-publisistik kitabın, otuzdan çox elmi məqalənin müəllifidir. Azərbaycanın, keçmiş sovet respublikalarının (Belarus, Qazaxıstan və s.), Türkiyənin qəzet və jurnallarında çoxsaylı elmi və publisistik yazıları dərc olunmuşdur.
…Elmi faəliyyətə dissident ədəbiyyatının tədqiqatçıısı kimi başlayan Abbas Hacıyev “Azərbaycan dissident ədəbiyyatı və zaman: Cavad Cavadlının həyat və yaradıcılığı əsasında” mövszusunda dissertasiya müdaifə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır. Tədqiqatçı-alimin 2018-ci ildə nəşr edilmiş eyniadlı kitabında Azərbaycan dissident ədəbiyyatının keçdiyi yola nəzər salınmış, 80 il əvvəlki 1937-ci il hadisələri, bu dövrün kommunist repressiyasının əzablarını ailəliklə yaşamış, keşməkeşli ömür və yaradıcılıq yolu keçmiş dissident şair-jurnalist, Prezident təqaüdçüsü, ”Tərəqqi” medallı Cavad Ələsgər oğlu Cavadlıya (1926-2014) dair faktlar əsasında aşkarlanmışdır. AMEA-nın prezidenti, akademik, Əməkdar elm xadimi İsa Həbibbəylinin rəyi ilə nəşr edilmiş “Azərbaycan dissident ədəbiyyatı və zaman: Cavad Cavadlının həyat və yaradıcılığı əsasında” kitabının “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov yazır: “Sovet totalitarizminin törətdiyi faciələrin məntiqi nəticəsində Azərbaycan ədəbiyyatşünaslığına “repressiya ədəbiyyatı”, “sürgün ədəbiyyatı”, “mühacir ədəbiyyatı”, ”legion ədəbiyyatı”, “dissident ədəbiyyatı” və s. kimi yeni istilah və terminlər də ədəbi-elmi dövriyyəyə daxil oldu. Sovetlər dönəmində tədqiqi qadağan olunan bu sahələrin hər biri kimi dissident ədəbiyyatının da bu gün geniş tədqiqata və araşdırmalara böyük ehtiyacı vardır”. Professor C.Qasımov xüsusilə qeyd edir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Abbas Hacıyevin geniş oxucu kütləsinə təqdim etdiyi “Azərbaycan dissident ədəbiyyatı və zaman” monoqrafiyası da belə bir aktual problemə həsr olunduğu üçün həm milli-ədəbi, həm də siyasi baxımdan olduqca əhəmiyyətlidir: “A.Hacıyevin monoqrafiyasında tanınmış şair, yazıçı-publisist Cavad Cavadlının şəxsində sürgün həyatı yaşayan və əzablı ömür yolu keçən Azərbaycan yazıçı və şairlərinin məşəqqətli həyatı haqqında tam təsəvvür əldə etmək olar. A.Hacıyev Cavad Cavadlının yalnız məşəqqətli ömür yolunu tədqiq etməklə kifayətlənmir, sürgündə keçən ömrün şairin ədəbi yaradıcılığında necə əks olunduğunu (“Anamın sürgün bayatıları”, ”Qızıl qum”, ”Ayrıldım“, ”Haray”, ”Yatmayır”, ”Zindan guşəsindən səslər”, ”Tomburanı danışdır”, ”Durnalar”, ”Saxtalar”, ”Allaha şikayət” və başqa əsərlərində) faktlı və predmetli şəkildə təhlil edir”.
Yüksək mənəviyyatlı, sadəlik və təvazökarlıq timsalı olan pedaqoq-alim A.Hacıyev həm də nümunəvi ailə başçısıdır. Onun övladları və nəvələri ictimai həyatın müxtəlif sahələrində çalışaraq, ölkəmizin inkişafı, xalqımızın rifahı üçün əllərindən gələni əsirgəmirlər.
Həzrəti Məhəmməd Peyğəmbərin (s.a.s) hədislərindən birində deyilir: “Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”. İstedadlı ədəbiyyatşünas, qayğıkeş müəllim, vətənpərvər ziyalı, filologiya üzrə fəlsəfə doktoru, dosent, qiymətli elmi tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfələr verən Abbas Hacıyev belə nurlu alimlərimizdəndir. Abbas müəllimi 75 illik yubeliyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Zahid Rza,
“İki sahil” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsənbəy Zərdabi mükafatı laureatı