06 iyun 2025 00:56
143

Azad Qarabağ və Şərqi Zəngəzurun müasir istehsalat ünvanları - Sənaye parkları

Azad edilmiş bütün ərazilərdə qısa müddət ərzində xəstəxanalar, məktəblər, yaşayış binaları inşa olunub, lazımi infrasturktur yaradılıb, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Keçmiş köçkünlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıtmaqdadırlar. Keçmiş məcburu köçkünlər artıq 15 yaşayış məntəqəsində məskunlaşıblar.  Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Bu isə o deməkdir ki, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıtmaqdadır.

Onların aktiv məşğulluğu da diqqət mərkəzindədir. Bu prosesdə həmin ərazilərdə fəaliyyət göstərən sənaye parkları mühüm rol oynayır. Qeyd edək ki, azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır. Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Artıq burada fəaliyyətə başlayan müəssisələr istehsal etdikləri məhsulları xaricə də göndərir. Məsələn, sənaye parkında divar kağızının istehsalçısı olan "Mister Decor" MMC Özbəkistan və Gürcüstana divar kağızlarının ixracına başlayıb. Hazırda Ağdam Sənaye Parkında fəaliyyət göstərən 9 müəssisədə Ağdam və ətraf rayonların sakinləri üçün 700-ə yaxın daimi iş yeri yaradılıb. Parkda tikintisi davam edən müəssisələr tərəfindən ümumilikdə 2400-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır.

Cəbrayıl rayonuda logistik imkanlar baxımından çox əlverişli ərazidə, daha doğrusu, yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 20 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək burada 100-ə yaxın daimi iş yeri yaradılıb. Hazırda parkda 2 müəssisə fəaliyyət göstərir, 6 müəssisənin isə tikintisi aparılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” da fəaliyyətini genişləndirir. Belə ki, “LATIFA” Laçın tikiş fabriki də bu parkda, Zerti kəndində fəaliyyətə başlayıb. Bu müəssisədə ilkin olaraq 30 nəfər işlə təmin edilib. Hazırda fabrikdə ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər çeşid məhsullar istehsal olunur. “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır. Ümumi dəyəri 367,9 min manat olan bu müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin edilib. Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də bu iki müəssisənin açılış mərasimlərində iştirak edib.  “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. Göründüyü kimi, yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Şübhəsiz, bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.

Qeyd edək ki, sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bu da iş adamlarının sənaye parklarına marağının artmasına əlavə  stimul verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”