Çində qeyri-adi xidmət populyarlıq qazanır: subay qadınlar qucaqlaşmaq üçün kişilərə pul ödəməyə hazırdırlar.
“İki sahil” xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat verib.
Qadınların özlərinin dediyinə görə, cəmi bir neçə dəqiqəlik qucaqlaşma onlara stresdən azad olmağa və heç olmasa yad bir şəxsdən dəstək hiss etməyə kömək edir. Bu xidmətin qiyməti 5 dəqiqəyə görə 7 dollar (təxminən 11.9 manat) təşkil edir.
Yerli sakinlərdən biri internetdə paylaşdığı hekayəsində bildirib ki, dissertasiya yazdığı dövrdə yaranan gərginlikdən qurtulmaq üçün bu xidmətdən istifadə edib və kişilərə qucaqlaşmaq üçün pul verib: "Məni qucaqlayanda özümü təhlükəsiz hiss edirəm", - deyə qadın etiraf edib.
Başqa bir qadın isə işdə keçirdiyi gərgin gündən sonra xidmətdən istifadə etdiyini deyib. O, müdirindən narazı olduğunu bildirib və tanımadığı bir kişi onun çiyninə əlini qoyaraq ona təsəlli verib.
Qeyd olunur ki, belə görüşlər adətən ictimai yerlərdə baş tutur. Məsələn, metro stansiyalarında və ya ticarət mərkəzlərində "qucaqlaşma mütəxəssisi" ilə rastlaşmaq mümkündür.