Bu çıxış həm ölkənin son 30 ildə enerji sahəsində keçdiyi inkişaf yolunun mənzərəsini təqdim etdi, həm də Azərbaycanın gələcək illər üçün enerji xəritəsindəki mövqeyini daha da möhkəmləndirmək niyyətini göstərdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanın qaz hasilatında ciddi artım proqnozlaşdırılır. Dövlət başçısının sözlərinə görə, 2030-cu ilə qədər əlavə 8 milyard kubmetr qaz hasil olunacaq ki, bu da həm mövcud beş yataqdan, həm də yeni kəşf ediləcək yataqlardan əldə ediləcək.
Bu artım Azərbaycanın artan ixrac potensialını dəstəkləməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni də əhəmiyyətli dərəcədə artıracaq. Xüsusilə, Azərbaycanın etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirməsi Avropa İttifaqı ilə münasibətlərdə strateji baxımdan böyük əhəmiyyət daşıyır.
Azərbaycanın enerji siyasətində əsas istiqamətlərdən biri də alternativ və bərpa olunan enerji mənbələrinin inkişafıdır. Prezident İlham Əliyev bu məsələyə də geniş yer ayıraraq qeyd etdi ki, ölkənin günəş, külək və su potensialı böyükdür və artıq bu imkanlardan istifadəyə yönəlik konkret layihələr həyata keçirilməkdədir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan olunması Azərbaycanın bu sahədə milli maraqları ilə qlobal çağırışları uzlaşdırmaq niyyətini nümayiş etdirir. Bu regionlarda xarici investorlarla birgə həyata keçirilən layihələr yaxın gələcəkdə ölkənin enerji balansında mühüm rol oynayacaq.
Prezident həmçinin Xəzər dənizində həyata keçirilən külək enerjisi layihələrinin nəticələrinin ümidverici olduğunu bildirdi. Bu isə Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək potensialını ortaya qoyur.
Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın ev sahibliyi edəcəyi COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı oldu. Prezident İlham Əliyev bu tədbiri ölkə üçün həm böyük məsuliyyət, həm də beynəlxalq etimadın göstəricisi kimi dəyərləndirdi:
“Biz COP29-a böyük məsuliyyətlə yanaşırıq və əminliklə deyə bilərik ki, bu tədbir həqiqətən də uğurlu olacaq. Bu, Azərbaycanın dünyaya iqlim məsələlərində də söz sahibi olduğunu göstərəcək.”
Azərbaycan bu konfransda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq platforması yaratmağı, iqlim ədaləti və maliyyə imkanları üzrə razılaşdırılmış yanaşmaların formalaşmasını təşviq etməyi hədəfləyir.
Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil, eyni zamanda enerji təhlükəsizliyinin, iqlim sabitliyinin və dayanıqlı inkişafın təşəbbüskarı və aparıcı tərəfdaşlarından biridir. Həm ənənəvi, həm də alternativ enerji sahəsində həyata keçirilən layihələr ölkəmizin gələcək onilliklər üçün enerji siyasətinin əsasını təşkil edir.
Bakı Enerji Həftəsi çərçivəsində verilən mesajlar Azərbaycanın regional liderlik ambisiyalarını, qlobal enerji və iqlim gündəminə verdiyi töhfələri və strateji baxışını bir daha ortaya qoydu. Azərbaycan bu gün yalnız enerji ixrac edən ölkə deyil, həm də enerjiyə məsuliyyətli və gələcəyə yönəlik yanaşmanın təcəssümüdür.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini