Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 15,1 milyard manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatı aparılıb.
“İki sahil” bu barədə AMB-yə istinadla xəbər verir.
Eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 333,6 milyon manat olan 62 emissiya prospekti və 3 informasiya memorandumu təsdiq edilib.
Bundan başqa, hesabat ilində qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü illə müqayisədə 2.6 dəfə artaraq 72 473 milyon manat təşkil edib.
Bakı Fond Birjasında (BFB) korporativ qiymətli kağızlar üzrə səhm bazarında 29%, korporativ istiqraz bazarında 54% və dövlət istiqrazları bazarında 29% artım qeydə alınıb.
Hesabat ilində BFB-da aparılmış əməliyyatların həcmi 71 156 milyon manat təşkil etmiş və korporativ istiqrazların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi üzrə müsbət dinamika davam etmişdir. Belə ki, 2024-cü ildə BFB-də korporativ qiymətli kağızların ümumi ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 53% artaraq 2 370 milyon manata çatıb.
2024-cü ildə dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 7 864 milyon manat təşkil edib. İl ərzində Mərkəzi Bankın notları ilə BFB-də 93 hərrac keçirilmiş, notlarla aparılan bazar əməliyyatların həcmi 2023-cü ilə nəzərən 49% azalaraq 1 988 mln. manat təşkil etmişdir. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə BFB-də 58 hərrac keçirilib. Dövlət istiqrazlarının ilkin bazarının həcmi 2023-cü ilə nəzərən 28% artaraq 4 790 milyon manata yüksəlib. Tədavüldə olan dövlət istiqrazlarının həcmi 47% artaraq 9 353 mln. manata çatıb.