05 iyun 2025 12:45
306

Prezident İlham Əliyevin tarixi nitqi: Azərbaycanın enerji mirası və gələcəyə baxış

İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, ölkəmizin enerji siyasəti milli maraqlara əsaslanan uzaqgörən strateji xətt üzərində qurulmuşdur və bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan 30-cu dəfədir ki, dünyanın hər yerindən neft sənayesinin liderlərini bir araya gətirir. Planeti bürümüş dekarbonizasiya uğrunda mübarizəyə baxmayaraq, sərgi bir daha sübut etdi ki, qalıq yanacaqlar aktual olaraq qalır və enerji təhlükəsizliyi mövzusu ilə ayrılmaz şəkildə bağlıdır. Dünya hələ neft və qazdan imtina etməyə hazır deyil və prosesi sürətləndirmək cəhdləri heç kimə lazım olmayan enerji böhranına səbəb ola bilər. Və bunu yaşıl keçid ideoloqlarının özləridə etiraf edirlər.

Son 30 ildə “Xəzər Neft və Qaz” sərgisi 80 ölkədən 9 mindən çox şirkəti cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Ekspozisiyanın 70 faizini xarici şirkətlər təmsil edir ki, onların da yarıdan çoxu Bakı sərgisində müntəzəm iştirak edən dünyanın ən böyük enerji şirkətləridir. Ümumilikdə bu il sərgidə 39 ölkədən 267 şirkət iştirak edir. Onların arasında Böyük Britaniya, Macarıstan, Gürcüstan, Avstriya, İsrail, İtaliya, Qazaxıstan, Çin, BƏƏ, Rusiya, Sinqapur, ABŞ, Türkiyə, Almaniya, Ukrayna və s. Hər şey 1994-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda ilk “Xəzər Neft və Qaz” sərgi və konfransının keçirildiyi vaxtdan başlayıb. Tədbir regionun enerji xəritəsini müəyyən edən və Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün zəmin yaradan tarixi sənəd olan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində baş tutdu. O zaman ilk sərgiyə 12 ölkədən 150 şirkət qatılmışdı ki, bu da müharibədən yeni çıxmış, torpaqları işğal olunmuş, iqtisadiyyatı bərbad, min faiz inflyasiya, çətin xarici siyasət mühiti olan bir ölkə üçün kiçik rəqəm deyil. Bu onu göstərirdi ki, tərəfdaşlar Azərbaycanla əməkdaşlıq perspektivləri görürlər.

Dövlət başçısı nitqində xüsusi vurğulandığı kimi, bu gün Azərbaycanı beynəlxalq enerji sistemində aparıcı aktorlardan birinə çevirən yol 1994-cü ildə keçirilmiş ilk neft-qaz sərgisindən və həmin ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”ndən başlamışdır. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan beynəlxalq investorlar üçün etibarlı tərəfdaşa çevrildi. O zaman ölkəmiz dərin sosial-iqtisadi böhran içərisində idi, ancaq Ulu Öndərin qətiyyətli siyasəti Azərbaycanı dünya iqtisadiyyatına inteqrasiya yoluna çıxardı. Azərbaycanın enerji strategiyası yalnız iqtisadi deyil, eyni zamanda, siyasi müstəqilliyimizin əsasını təşkil edir. Müharibədən yeni çıxmış, inflyasiya və yoxsulluq içərisində çırpınan bir ölkənin bu gün regional və qlobal miqyasda strateji enerji oyunçusuna çevrilməsi ölkə rəhbərliyinin məqsədyönlü və ardıcıl siyasətinin nəticəsidir.

 Bu gün dövlətimiz sabit siyasi sistemə, özünü təmin edən iqtisadiyyata və strateji maliyyə dayanıqlığına malikdir. Xarici borcun ÜDM-in cəmi 7 faizini təşkil etməsi, maliyyə ehtiyatlarının borcdan 14 dəfə çox olması bu sahədə görülən işlərin nəticəsidir. Yoxsulluğun 5 faizə endirilməsi və təhsilə yönəldilən böyük investisiyalar, savadlılığın 100 faizə çatdırılması Azərbaycanın insan kapitalına verdiyi əhəmiyyəti nümayiş etdirir.

Ölkəmizin təşəbbüsü ilə inşa edilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu əyani şəkildə ortaya qoyur. Dənizə çıxışı olmayan bir dövlətin Avrasiyanın əsas nəqliyyat və enerji qovşağına çevrilməsi tarixi uğurdur. Prezidentin bildirdiyi kimi, bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Bu, həm də Azərbaycanın beynəlxalq etibarlılığının, öhdəliklərinə sadiqliyinin göstəricisidir.

Əlbəttə, Cənab Prezident İlham Əliyevin 2 iyun 2025-ci il tarixində Bakı Enerji Həftəsi çərçivəsindəki çıxışı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini və beynəlxalq nüfuzunu əks etdirən mühüm bir bəyanat olmuşdur. Bu çıxış, Azərbaycanın enerji sektorundakı nailiyyətlərini və gələcək planlarını dünya ictimaiyyətinə təqdim etmişdir. Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının 8-dən 12-yə çatması və bu rəqəmin artmaqda davam etməsi  enerji sektorundakı dinamik inkişafının və beynəlxalq əməkdaşlığının göstəricisidir.

Dövlət başçısı çıxışında Azərbaycanın yaşıl enerji gündəliyinin də olduqca iddialı və məqsədyönlü olduğunu vurğuladı. Təbii qazla zəngin bir ölkənin eyni zamanda bərpaolunan enerji sahəsinə böyük sərmayələr yönəltməsi, yaşıl enerjiyə keçid prosesində beynəlxalq nümunəyə çevrilməsi dövlətimizin gələcəyə baxışının və qlobal məsuliyyətinin göstəricisidir. COP29 kimi mühüm tədbirin Bakıda keçirilməsi və “Bakı sıçrayışı” anlayışının qlobal sözgəlişi kimi formalaşması Azərbaycanın beynəlxalq iqlim dialoqunda da lider mövqeyə sahib olduğunu təsdiqləyir.

Azərbaycanın COP29 çərçivəsində əsas məqsədi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında etimadı möhkəmləndirmək, iqlim ədalətini bərqərar etmək və resurslara bərabər çıxışı təmin etməkdir. İtki və Zərər Fonduna edilən töhfə, yardımın 100 milyard dollardan 300 milyarda qaldırılması və karbon bazarının aktivləşdirilməsi bu təşəbbüslərin uğurla həyata keçirildiyinin sübutudur.

Azərbaycanın mirası, sadəcə enerji hasilatı ilə ölçülmür – bu, həm də sabitlik, əməkdaşlıq və beynəlxalq etimad mirasıdır. COP29-un uğurlu keçirilməsi və qlobal enerji dialoqunda Azərbaycanın etibarlı platformaya çevrilməsi bunun ən bariz nümunəsidir.

Ölkəmizin enerji siyasəti bu gün bütöv bir regionun iqtisadi inkişafını, təhlükəsizliyini və sabitliyini təmin edən strateji amilə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  bu gün yalnız hasilatçı və tranzit ölkə deyil, eyni zamanda etibarlı tərəfdaş, beynəlxalq təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edir. Bu da sübut edir ki, Azərbaycan enerji siyasəti milli maraqlar əsasında formalaşan, dayanıqlı və inklüziv inkişafı təmin edən uğurlu modeldir.

Möhtərəm Prezident İlham Əliyevin bu çıxışı həm retrospektiv baxışla tarixi uğurları xatırlatdı, həm də aydın gələcək vizyonu ilə Azərbaycanın enerji strategiyasının davamlılığını təmin etdi. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin davamı olaraq bu siyasət, Azərbaycanın həm enerji, həm də geosiyasi məkanda sabit və güclü aktor kimi mövqeyini möhkəmləndirir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor