05 iyun 2025 18:45
166

Dövlət büdcəsinin gəlirləri proqnozu 3,9 faiz üstələyib

Cari ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.

“İki sahil” Maliyyə Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, bu ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 589,5 milyon manat təşkil edərək proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 milyard 33,8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398,4 milyon manat təşkil edərək proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox icra edilib.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib.

Bu ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 milyard 195 milyon manat proqnoza qarşı 13 milyard 691,8 milyon manat, yəni 96,5 faiz icra edilib.