ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrantların deportasiyasına etirazlardan sonra başlayan iğtişaşların yatırılmasında ölkənin Milli Qvardiya qoşunlarına borclu olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.
O, ABŞ Milli Qvardiyasına təşəkkür edib və yerli hakimiyyət orqanlarını fəaliyyətsizliyinə görə tənqid edib.
"İki günlük zorakılıq, toqquşmalar və iğtişaşlardan sonra Los-Ancelesdə Milli Qvardiya böyük işlər görüb. Bacarıqsız [Kaliforniya] qubernatoru Qevin Nyusom və [Los Angeles] meri Karen Bass, həmişəki kimi işi yerinə yetirə bilməyiblər", - deyə D.Tramp yazıb.
O, həmçinin vətəndaşların bu və ya digər səbəbdən üzlərini gizlətmələrindən hiddətləndiyini bildirərək, “bundan sonra aksiyalarda maska taxmağın qadağan olduğunu” deyib.