Rusiya Ukrayna əsgərlərinin həlak olmuş cəsədlərindən ibarət ilk partiyanı mübadilə zonasına çatdırıb və İstanbulda keçirilmiş danışıqlarda əldə olunmuş razılaşmalar çərçivəsində 6 mindən artıq cəsədin təhvil verilməsinə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə rusiyalı danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin cəsədlərini daşıyan repatriasiya qatarları bir saat ərzində hərəkətə başlayacaq. Zorin qeyd edib ki, cəsədlərin təhvili həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə həyata keçiriləcək.
O vurğulayıb ki, Moskva Kiyevdən cəsədləri qəbul etməyə hazır olması barədə rəsmi təsdiq və xüsusi rabitə kanalı vasitəsilə bildiriş gözləyir. Zorinin sözlərinə görə, prosedurun gələn həftəyə təxirə salınması ilə bağlı siqnallar da var.
Aleksandr Zorin xüsusilə qeyd edib ki, həlak olmuş ukraynalı hərbçilərin cəsədlərinin qaytarılması təşəbbüsü sırf humanitar xarakter daşıyır və siyasi məqsədlərlə əlaqəli deyil. Onun sözlərinə görə, Rusiya əldə olunmuş bütün razılaşmaları, o cümlədən hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların repatriasiyası ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazırdır.