Bəyannamə Azərbaycan üçün vacib bir gündə – 15 iyun-Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan ən yüksək səviyyəli müttəfiqlik sənədidir
2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il yarım Ermənistan işğalında olan və 8 noyabr 2020-ci ildə azad edilən tarixi Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji Bəyannamə imzaladılar. Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 iyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921 oktyabr) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan müttəfiqlik sənədidir.
Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini şərtləndirən siyasi-tarixi amillərə qısaca nəzər salaq.. Məlumdur ki, 1921-cil il Qars anlaşması ilə Türkiyəyə Naxçıvanla bağlı müəyyən mənada zəmanətçi, qoruyucu ölkə statusu verilmişdi. Qeyd edək ki, Türkiyə hələ keçmiş SSRİ-nin mövcud olduğu ərəfədə 1991-ci ilin 9 noyabrında Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1994-cü il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. 1992-ci il 11 avqustda imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” məhz 2011-ci il 26 oktyabrda Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edildi. 1994-cü ildə iki ölkə arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” imzalandı və bu anlaşma ilə əlaqələrin siyasi-hüquqi zəmini formalaşdırıldı. Belə ki, 2007-ci ildən başlayaraq Azərbaycan Türkiyə münasibətlərində Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) iclasları keçirilir. Burada siyasi-hərbi, maddi-texniki təminat və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunur. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Strateji əməkdaşlıq sazişi imzalandı. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə “bütün imkanlarını istifadə edərək” hücuma uğrayan ölkəni dəstəkləyəcək.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə xarakterizə olunurdu. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoymuş oldu. Türkiyə Prezidentinin Şuşa Bəyannaməsinin imzalanmasından bir gün sonra Azərbaycanın Milli Məclisində çıxışı zamanı söylədiyi sözlər bu sənədin bütün mahiyyətini açıqlayır: “Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.”
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.
Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir. Yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindəki müddəaların yenilənməsi, adıçəkilən müqavilədən fərqli olaraq iki qardaş dövlət arasında belə bir Bəyannamənin imzalanması böyük tarixi nailiyyətdir. Təbii ki, Qars müqaviləsində olduğu kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb olub. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyil. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj olmaqla bərabər, Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.
Sevinc Azadi, “İki sahil”