11 iyun 2025 01:25
158

Baş nazir baş keşişlə “güləşir…”

Əsl adı Ktriş Nersesyan olan katalikos II Qareginin qara günləri

Dünyanın ən başıpozuq cəmiyyəti olan Hayastanda bütün ermənilərin katalikosu II Qaregin haqqında həm gülməli, həm də ciddi söz-söhbətlər gəzir. Dinin qadağasına görə bu vəzifəni ömrünü dinə, ibadətə bağlayan keşişlər tuta bilər. Lakin deyilənlərə görə, II Qaregin subay deyil və övladı da var. Deməli, o, dini qanuna və xaça xəyanət edib. Xatırladaq ki, qədim əsrlərdə abbatlar və keşişlər gizlicə evlənsələr də faş olan kimi tonqalda yandırılırdılar. Əgər yayılan söhbətlər doğru çıxsa onda katalikosu da cəza gözləyir. Ən azı vəzifəsini itirəcək cəmiyyətdə isə lağ və gülüş obyektinə çevriləcək. İş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan əlaqədar təşkilatlara faktın araşdırılmasını tapşırıb: “Kilsə bütün ermənilərin katalikosu  II Qareginin övladının olub-olmadığına təcili aydınlıq gətirməlidir”.

Bunu Ermənistanın  baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb. O, daha sonra deyib: “Eçmiədzin kilsəsi açıq şəkildə aydınlaşdırmalıdır ki, II Qaregin subaylıq andını pozubmu, övladı varmı? Bu məsələyə təcili aydınlıq gətirilməlidir”.

Ermənistanın baş naziri az əvvəl  sosial mediada bu barədə yazmış və baş keşiş haqqında verəcəyi qərarı da açıqlamışdı: “Əgər məlum olsa ki, II Qaregin subaylıq andını pozub və övladı var, o, artıq bütün ermənilərin katalikosu ola bilməz”.

Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin bütün ermənilərin katalikosu, əsl adı Ktriş Nersesyan  olan II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib. Məlum olub ki, ölkədə siyasi gərginliyin davam etməsində kilsənin müəyyən rolu var.  O vaxtdan hokumətlə kilsə arasındakı nifaq getdikcə dərinləşib. Demək olar ki, kilsə daşnaksütyun və revanşistlərlə birgə Paşinyan iqtidarına qarşı eyni cəbhədə birləşib. Kilsənin hesabında 100 milyard dollar və çoxlu bahalı mülklər var, yəni hələ çox güclüdür.

Əvvəllər İrəvanda eks-prezidentlər Robert Koçaryan və Serjik Sarkisyan tərəfindən  təşkil edilən aksiyalara gizli rəhbərlik edənlərdən biri də Eçmiədzin kilsəsi olub.  Adının hallanmasını istəməyən  katalikos II Qaregin şəxsən özü olmasa da başda Baqrat  Qalstanyan olmaqla ona sədaqətlə xidmət göstərən keşişlərini təlimatlandıraraq ölkənin ucqarlarına göndərməklə əhalini Nikol Paşinyan  hakimiyyətinə tabe olmamağa və itaətsizliyə  çağırır.

İndi onun “ipi” Paşinyanın əlinə keçib. Şayətdir, həqiqətən də katalikosun övladının olması ortalığa çıxarsa şübhəsiz ki, özü zinakar, övladı  isə bicbala hesab oluncaq.

Artıq beş ilə yaxındır ki, katalikosla baş nazir “güləşirlər.” Hələ ki, qalib müəyyən olunmayıb. Bilinən odur ki, özünü İsanın qulu adlandıran Ktriş Nersesyan peyğəmbərin deyil, Moskvanın quludur və çirkli oyunları ilə kilsəni şeytan yuvasına çevirib.

Vəli İlyasov, “İki sahil”