11 iyun 2025 00:30
214

Gürcüstan Azərbaycanın strateji müttəfiqidir

Dost ölkənin Poti şəhərində yerləşən və Orta Dəhliz üçün strateji əhəmiyyətə malik «Poti TransTerminal» multimodal konteyner terminalının rəsmi açılış mərasimində çıxış edənlər layihənin regional və beynəlxalq əhəmiyyətini xüsusi vurğulayaraq tikintinin əsas yükünün Azərbaycanın daşıdığını bildiriblər

Bəzi qərəzli dairələrin, xüsusilə Qərbin Cənubi Qafqazla bağlı hədəfiinin əsl mahiyyətini uzaqgörən siyasəti ilə açıqlayan, bölgənin hərbi poliqona çevrilməsinə, ayırıcılıq siyasətinə imkan verilməyəcəyini bildirən Prezident İlham Əliyev mənfur niyyətlərin baş tutmayacağını qətiyyətlə söyləyir. Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq və Qərb coğrafiyasının bir hissəsi olaraq Yaxın Şərq ölkələri, Avropa dövlətləri ilə əlaqələrini genişləndirən, bölgədə yaratdığı reallıqları ilə diqqəti cəlb edən Azərbaycanın, dost ölkə Gürcüstanın enerji və nəqliyyat layihələrinin coğrafiyasının genişlənməsində göstərdikləri səylər mənfur niyyətlərə cavabdır. Bu birliyi möhkəmləndirməkdə məqsəd Cənubi Qafqazın təhlükəsizlik, əməkdaşlıq, eləcə də ümumi rifah məkanına çevrilməsinə nail olmaqdır. Təkcə regional deyil, qlobal əhəmiyyətli Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft –qaz kəmərləri ilə yola çıxan, iki qonşu ölkənin milli maraqlarına xidmət edən Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycanın şaxələndirmə formatının əsas tərəfdaşlarından olan Gürcüstan etibarlı qonşu olduğunu hər məqamda təsdiqləyib. Qərb ilə Şərq arasında enerji, nəqliyyat körpüsü roluna sadiq qalan hər iki ölkə qeyri-regional güclərin öz ambisiyalarını reallaşdırmaq cəhdlərinə qarşı da eyni qətiyyət göstərmişlər. Ötən il Qərbin dost ölkənin daxili siyasətinə müdaxiləsi, xarici agentlər haqqında qanun qəbulu ilə yaradılan gərginlik zamanı rəsmi Tbilisi ilə həmrəyliyini bildirən Azərbaycan növbəti dəfə bölgədə sabitliyin qarantı olduğunu təsdiqlədi. Bölgədə sülhün təminatını, bütünlükdə dünyanın sabitliyi baxımından önəmini «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin bu istiqamətdə davam etdirdiyi siyasət dünyanın sağlam düşüncəli qüvvələri tərəfindən dəstəklənir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün münasib ünvanı «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» sözləri ilə müəyyənləşdirən, Cənubi Qafqaza xarici müdaxilələri yolverilməz adlandıran Prezident İlham Əliyev qərəzli səylərin uğursuzluqla nəticələnəcəyini əminliklə bildirib. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik baxımından rəsmi Bakının geosiyasi əhəmiyyətini inkar etmək siyasi savadsızlıq, qərəzlilik, diplomatik uğursuzluqdur.

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən «Yeni dünya nizamına doğru»” mövzusunda beynəlxalq forumdakı çıxışında Gürcüstanla dostluq münasibətlərini bölgədə tərəfdaşlığın örnəyi kimi nümunə göstərən Prezident İlham Əliyevin Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən qərəzli şərhlərə etirazını yada salaq. Dövlət başçımız Avropa Komissiyası sədrinin özlərinin Avropanın «qlobal qapısı»” adlandırdıqları Orta Dəhlizdən bəhs edərkən «Azərbaycan və Ermənistan», «Ermənistan və Türkiyə arasında sərhədlərin açılması» ifadələrini diplomatik məsuliyyətsizlik adlandırdı. «Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı, Xəzər daşımaları – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır» söyləyən Prezident İlham Əliyev tədbirdə Gürcüstan haqqında bir kəlmənin belə işlədilməməsini ədaləsizlik, bölgədə siyasi gərginliyin artırılmasına yönələn təxribat, müstəmləkəçi davranış adlandırdı. Qətiyytlə bildirdi ki, Gürcüstan Azərbaycanın strateji müttəfiqidir.

Dövlət başçısı kimi ilk səfərini qardaş Azərbaycana etdiyini məmnunluqla bildirən, gürcü və Azərbaycan xalqlarının millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə daim bir yerdə olduqlarını söyləyən Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin «Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir» sözləri bu müttəfiqliyin sarsılmazlıq nümunəsidir. Novruz bayramı günlərində Borçalıda təşkil olunmuş bayramı şənliklərində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin, Baş nazir İrakli Kobaxidzenin, parlamentin sədri Şalva Papuaşvilinin və digər rəsmi şəxslərin iştirakı iki xalqın əsrlərə söykənən dostluğunun təsdiqidir. Başqa sözlə deyilsə, strateji tərəfdaş, dost ölkə olan Azərbaycanla Gürcüstan bölgədə sülhün qarantı olmaqla Qlobal Cənubdə reallaşan enerji və nəqliyyat layihələrinin əsas tərəfdaşlarıdırlar. Əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşayan xalqlarımız arasında möhkəmlənən təmaslar Cənubi Qafqaz üçün isə çox vacib şərtdir. Bu dostluğun, birgə əməkdaşlığın səmərəsinin daha bir nümunəsi Qara dənizin Gürcüstan sahillərindəki Poti limanında Azərbaycanın iştirakı ilə yeni strateji terminalın istifadəyə verilməsidir. Bu layihə Azərbaycanın regionda etibarlı dost və strateji tərəfdaşlığınının daha bir sübutudur.

İyunun 9-da Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan «Poti TransTerminal» multimodal konteyner terminalının rəsmi açılış mərasimində qeyd olunduğu kimi, yeni logistik mərkəz regionun tranzit və yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq. Terminalın layihələndirilməsinin və müəllif nəzarətinin Gürcüstan və Qazaxıstan tərəfindən etibarlı tərəfdaş kimi ölkəmizə həvalə olunması, layihənin Azərbaycan «INNOPRO» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən uğurla başa çatdırılması Cənubi Qafqazın beynəlxlaq arenada artan mövqeyinin və rolunun təsdiqidir. Gürcüstan, Qazaxıstan və Özbəkistanın nəqliyyat qurumlarının yüksək səviyyəli nümayəndələrinin, parlament üzvlərinin və beynəlxalq logistik mütəxəssislərin iştirakı ilə keçirilən mərasim Zəngəzur dəhlizinin potensialı üçün də əhəmiyyətlidir. Çünki bu dəhliz vasitəsilə Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır. Zəngəzur dəhlizi həmin marşrutun davamı, «Bir kəmər, bir yol» layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər.

Macarıstanın ev sahibliyi ilə «Şərq və Qərbin Görüş Nöqtəsi» mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündən sonra keçirilən bu mərasim Qlobal Cənubla Qlobal Şimalı birləşdirən körpü rolunu uğurla davam etdirən Azərbaycanın uğur diplomatiyasına daha bir möhür vurdu. Böyük coğrafiyanı əhatə edən, artıq beynəlxalq aləmdə güc mərkəzi kimi formalaşan türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması naminə nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi ilə Qlobal Cənubun ayrılmaz tərkib hissəsi olduğunu sübut edən, müasir infrastruktura malik, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən ölkəmizin ənənəvi dəyərlərə sadiqliyi təsdiqləndi. Açılış mərasimində çıxış edənlər layihənin regional və beynəlxalq əhəmiyyətini xüsusi vurğulayaraq onun əsas yükünün Azərbaycanın daşıdığını əminliklə bildirdilər. Qeyd olundu ki, beynəlxalq standartlara uyğun inşa edilən, gələcəkdə genişləndirilməsi nəzərdə tutulan dayanıqlı logistik infrastrukturla təchiz olunan terminalın əvvəlkindən fərqli olaraq artıq gündəlik 5 konteyner qatarını qəbul etmək gücünə çatdırılması Orta Dəhliz üzrə yüklərin vaxtında və sürətlə Avropaya çatdırılmasına ciddi töhfə verəcək.

Terminalın direktoru Oljas Arykbayevin söylədiyi kimi, Azərbaycan bu layihədə sadəcə iştirak etməklə kifayətlənməyib. Layihələndirmə və layihə-smeta sənədləri də məhz Azərbaycan tərəfindən hazırlanıb. Azərbaycanlı mütəxəssislər layihələndirmə sahəsində yüksək keyfiyyət nümayiş etdirməklə texnoloji proseslərin qurulmasında səmərəli innovativ yanaşmaları, həmçinin mühəndis-kommunikasiya xətlərinin çəkilişi ilə bağlı səmərəli təklifləri ilə fərqləniblər. Qeyd olunub ki, terminalın layihələndirilməsindən tutmuş, qatarların hərəkətinə qədər bütün mərhələlərdə azərbaycanlı mütəxəssislər fəal iştirak ediblər. Bu addımların əsas məqsədi Orta Dəhlizin imkanlarını daha da genişləndirmək və yük qəbulunun həcmini artırmaqdır. Bu layihə təkcə Azərbaycan ilə Gürcüstan üçün deyil, eyni zamanda, Qazaxıstan və digər istifadəçi ölkələr üçün mühüm əhəmiyyət daşıyacaq. Azərbaycan və Qazaxıstanın dəstəyi ilə artıq Gürcüstana daha çox yük axını təmin olunacaq. Bu isə regionun bütün tranzit ölkələri üçün uğurlu bir logistik təşəbbüsdür. Terminalın birinci mərhələdə illik gücü 80 min TEU, növbəti mərhələdə isə 200 min TEU olaraq nəzərdə tutulub”. Terminalda saatda 50-yə qədər konteynerin boşaldılmasını təmin edəcək iki ədəd portal kran, bir dəmir yolu infrastrukturu layihələndirilib. Burada eyni vaxtda 120 vaqonun yükboşaltma əməliyyatlarını həyata keçirmək mümkün olacaq. Qara dəniz sahilində reallaşan, yalnız infrastruktur layihəsi deyil, eyni zamanda, ölkələrarası iqtisadi əməkdaşlığın simvolu olan bu logistik terminal Orta Dəhlizin dayanıqlığına, sabitliyinə və yüklərin sürətli, vaxtında daşınmasına mühüm töhfə verəcək. Bu terminalın istifadəsi ilə Cinin təşəbbüsü olan «Bir kəmər, bir yol», qitələri birləşdirən Orta Dəhliz layihələrinin əsas tərəfdaşı Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənməklə ölkəmizə maraq da artır.

Xuraman İsmayılqızı, «İki sahil»