11 iyun 2025 12:07
364

Qəlblərdə yaşayan əbədi lider

Tarixi təcrübə hər bir xalqın siyasi taleyində dönüş nöqtələri hesab olunan müstəsna hadisələrin, mühüm - kritik və taleyüklü məqamların, anların olduğunu təsdiqləyir. Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Bu mənada, Ulu Öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi daim xalqımızın qəlbində yaşayır. İllər keçir, şəxsiyyətlər unudulur. Amma, Dahi Heydər Əliyev tarixdə heç vaxt unudulmayacaq; O daim ürəklərdə, qəlblərdə yaşayacaq. Hələ sağlığında Ümummilli Lider zirvəsinə ucalmış Ulu Öndər Heydər Əlirza oğlu Əliyev böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Ümummilli Liderin müasir tariximizdə - 1969-cu ildə Azərbaycan Respublikasında siyasi hakimiyyətə gəlişini tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində düzgündürlər. Çünki, Ümummilli Lider Heydər Əliyev rəhbər vəzifədə olduğu az bir müddətdə respublikada köklü dəyişikliklər olmuşdur. Sovetlər İttifaqı dövründə hər bir tapşırığın mərkəzdən, Moskvadan verildiyi və idarə olunduğu bir zamanda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda insanların puç olmuş ümidlərini ruh yüksəkliyi ilə əvəz edib bir məqsəd uğrunda birləşdirmək, gərgin vəziyyətdə olan kənd və xalq təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə çevirmək əsl qəhrəmanlıq, Vətənə sədaqət nümunəsi, həm də bir tarixi məqam idi. İnsanlar həmin tarixi yada salıb oxuduqca Ümummilli Lider Heydər Əliyev zəkasının, böyük düşüncəsinin və müdrikliyinin uca zirvəsini bir daha hiss edir, görür.

Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Bu, həqiqətən də bir qurtuluş idi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, xalqı deyil, yalnız öz mənfəətlərini güdmələri, hər şeyi - ləyaqəti, şərəfi, vicdanı pula satmağı sonda Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Talanmış dövlət büdcəsi iqtisadiyyatı çökdürmüş, daxili və xarici qüvvələr isə artıq separatçılıq vasitələri ilə ölkəni bölən "xəritələrini" hazırlamışdılar. Qarabağ cəbhəsində isə torpaqlarımız ard-arda erməni işğalçılarına peş-kəş edilirdi. Azərbaycan xalqı dövlətçiliyini itirmək təhlükəsində, məhv olmaq üzrə idi. Bütün bunlardan isə çıxış yolu tapmaq lazım idi. Xalqın Fenomen liderə ehtiyacı var idi və O, Ümummilli Lider Heydər Əlirza oğlu  Əliyev idi! 
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün Liderini - İlham Əliyevi yetişdirməsi olmuşdur. Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkəsinin bütün sahələrdə qalibiyyət potensialını üzə çıxarmış Prezident İlham Əliyevlə Azərbaycan xalqı özünə ən etibarlı siyasi gələcək, mütərəqqi inkişaf yolunu seçdiyini təsdiqləyir.

Bu gün Ulu Öndərin ruhu şad, xalqımızın alnı açıqdır. Çünki Azərbaycan tərəqqi yolunda, Zəfər marşındadır. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə - möhtəşəm Qələbəyə imza atdı! İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu.

Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq.

Səfalı Paşayev,

YAP Masallı rayon təşkilatının sədr müavini