11 iyun 2025 11:54
207

Qurtuluş Gününün müasir sədaları

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin təlatümlərindən, sarsıntılarından uğurla çıxardı, gələcəyə inamla baxan bir dövlətə çevrildi. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik təmin edildi.

İqtisadi müstəqilliyi Azərbaycanın qüdrətlənməsi, ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca şərt kimi önə çəkən Ulu Öndər Heydər Əliyev  iqtisadiyyatı bərbad hala salınan respublikanın sərbəst iqtisadiyyat sisteminə keçməsini, mövcud olan təbii resurslardan səmərəli istifadəni, önəmli islahatların tətbiqini çıxış yolu kimi dəyərləndirdi. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanmasından sonra elə həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə  neft strategiyasını müəyyənləşdirən, Azərbaycana investisiya axınını iqtisadi böhrandan çıxış yolu hesab edən Ulu Öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən respublikanın iqtisadi-sosial, elmi- texniki potensialını da hazırladığı neft strategiyasının həllinə yönəltdi.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.  Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirləri tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimizin, real həqiqətlərə söykənən təbliğatımızın sonda qalibiyyətlə nəticələnəcəyinə əminliyin ifadəsi idi. Ümummilli Lider  Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, Xocavənddə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Son 21 ildən artıq dövrdə  Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixinin Zəfər səhifələrini daha da zənginləşdirir, tarixi ədalətə əsaslanan hədəflərimizə nail olmaq üçün səylər göstərir.

Cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.  Qeyd etdiyimiz kimi, qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə bildirdi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri