15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu tarixi yaradan, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Vətəni, xalqı üçün misilsiz xidmətlər göstərən, milli və bəşəri ideallara, dünyada dostluğa, sülhə və tərəqqiyə böyük töhfələr verən Ümummilli Lider Heydər Əliyevdir.
1992-93-cü illərdə Azərbaycanın müstəqilliyini istəməyən bəzi xarici məkrli dairələr ölkəmizi zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün əli ilə məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirərək vətəndaş müharibəsi həddinə çatdırmışdı. Bütün bunlar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. 4 iyun qiyamından sonra respublikadakı mövcud siyasi və hərbi vəziyyət daha da gərginləşərək nəinki vətəndaş müharibəsi həddinə çatmışdı, hətta hərbi hissələrdə fərarilik, nizamsızlıq xeyli artmışdı. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, sonradan onların işğalı ilə nəticələnmişdi. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirərək vətəndaş müharibəsi həddinə çatdırmışdı. Bütün bunlar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu.
Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat hakimiyyətinin nümayəndələri o zaman kömək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciətlər etdilər. Onlar dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər. Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaratdı. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi Milli Qurtuluş Günü olaraq qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb.
Görkəmli şəxsiyyət və böyük dövlət xadimi, Vətəni, xalqı üçün misilsiz xidmətlər göstərən, milli və bəşəri ideallara, dünyada dostluğa, sülhə və tərəqqiyə böyük töhfələr verən, siyasətin kamil bilicisi, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ayrılmaz parçası olan Qarabağı öz canı qədər sevirdi. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin Azərbaycana birinci dəfə rəhbərliyi dövrü - 1969-1982-ci illər bütün Azərbaycanda olduğu kimi, Qarabağın da intibah dövrü kimi tariximizə silinməz hərflərlə yazılıb. Məhz o illər Qarabağın sosial-iqtisadi və mədəni inkişafında böyük töhfələr əldə edilib.
Ümummilli Lider respublikamıza birinci dəfə rəhbərliyi zamanı Dağlıq Qarabağın tərəqqisində də danılmaz xidmətlər göstərmiş, onun iqtisadi-mədəni inkişafına böyük töhfələr vermişdir. Sonradan isə Kremldə yüksək vəzifə tutarkən daim ermənilərin məkrli Qarabağ iddialarının qarşısını almışdır. Bu barədə Ümummilli Lider Heydər Əliyevin aşağıdakı fikirləri xüsusilə maraqlıdır: “… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu.” Ümummilli lider Heydər Əliyev daha sonra deyirdi: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.
Ulu Öndər SSRİ rəhbərliyində-Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdləri qətiyyətlə dəf edilmişdi. Bədnam “yenidənqurma”nın müəllifi, Sov İKP MK-nın baş katibi, ermənipərəst Mixail Qorboçovun məkrli siyasəti nəticəsində Ulu Öndər “səhhətinə görə” ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər öz məkrli planlarını gerçəkləşdirmək üçün sözün əsl mənasında at oynatmağa başladılar. M.Qorboçovun iqtisadi məsələlər üzrə müşaviri, bədnam akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi barədə müsahibə verdi. Bundan sonra-1988-ci ilin fevralından başlayaraq Dağlıq Qarabağ öz qara günlərini yaşamağa başladı. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciətində “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” söyləməsi onun Ümummilli Liderin ideyalarına, siyasi kursuna sadiqliyini bir daha təsdiq etdi.
İşğal edilmiş torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə başa çatdı. Müzəffər Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətinin layiqli davamçısı, qətiyyətli Sərkərdə, xalqımızın iftixarı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkar Ermənistanın silahlı qüvvələrini 44 gün ərzində darmadağın edərək işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etdi. Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Tarixi ədalət bərpa olundu.
Ulu Öndər Heydər Əliyev “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” deyirdi. Zaman bir daha Ümummilli Liderin dühasının bənzərsizliyini sübut etdi.
Zahid Rza, “İki sahil”