II Qaregin baş nazirlə döyüşə hazırlaşır?
Ermənistanda hakimiyyət-kilsə mübarizəsi davam edir. Hətta bu məsələ ölkənin gündəmini zəbt edib. Buna səbəb isə bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın kilsənin ünvanına sərt ifadələr işlətməsi, həmçinin ölkənin baş keşişi, bütün ermənilərin katalikosu II Qareginin övlad sahibi olub-olmamasına aydınlıq gətirilməsini tələb etməsi olub. “II Qaregin subaylıq andını pozub” deyən Paşinyan özünün “Facebook” səhifəsində yazıb ki, bakirəlik andını pozanlar öz xoşları ilə tutduqları postdan uzaqlaşsınlar. İyunun 6-da Nikol Paşinyan yenidən katolikos II Qareginə müraciət edərək ondan subaylıq andını pozması ilə bağlı ittihamlara cavab verməsini tələb edib. “II Qareginin uşağı var, bunu sübut edəcəyəm” deyən baş nazir bildirib: “Erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir yadigarına, hər bir surətinə və daşına hörmətlə yanaşan şəxs kimi qeyd edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır”. Hətta o, xalqa, həmçinin Erməni Apostol Kilsəsinin ardıcıllarına bütün ermənilərin katolikosunun seçilməsinin gündəmi ətrafında birləşməyə çağırıb. Həmin çağırışda Paşinyan katolikosluq seçkilərini təşkil etmək üçün fəal addımlar atılmasının sxemini də açıqlayıb. Hətta o, gündəliyin təşkilati məsələlərini həll etmək üçün Koordinasiya Qrupu yaradılmasının vacibliyini vurğulayıb.
Amma bütün bunlar Ermənistanda birmənalı qarşılanmayıb. Hətta Kilikiya Böyük Evinin katolikosu I Aramın sədrliyi ilə Böyük Kilikiya Evi Katolikosluğunun “Kilikiya Analitik Platforması”nın növbəti sessiyasında Ermənistanın hazırkı hakimiyyətinin davranışı qəbuledilməz hesab edilib. Rumıniya Erməni Yeparxiyasının Primatı Tatev Akopyan isə katolikosun istefası tələbinin heç bir hüquqi əsası olmadığını bildirib: “Bu cür çağırışlar təhlükəlidir, çünki onlar birbaşa toqquşmalara, iğtişaşlara və hətta vətəndaş müharibəsi təhlükəsinə aparan yoldur”. Bildirilib ki, əgər Ermənistan hakimiyyəti antikilsə və antimilli prosesləri dayandırmasa, biz müvafiq addımlar atacağıq.
Bütün bunlar isə onu göstərir ki, Levon Ter-Petrosyana, Robert Koçaryana, Serjik Sarkisyana yaxınılğı ilə tanınan II Qaregin taxtdan möhkəm yapışmaq və Paşinyanla mübarizə aparmaq qərarına gəlib. Elə bu niyyətlə də o, revanşistləri, o cümlədən Ermənistanın eks-prezdenlərini də mübarizəsinə qatmaq niyyətindədir. Məsələn, bir neçə gün öncə, daha doğrusu, iyunun 7-də Ermənistanın birinci prezidenti olmuş, hakimiyyəti dövründə soydaşlarımıza qarşı etnik təmizləmə siyasətini sistematik şəkildə həyata keçirmiş Levon Ter-Petrosyan Müqəddəs Eçmiədzinin Ana taxtına baş çəkib və bütün ermənilərin katolikosu II Qareginlə təkbətək görüşüb. Söhbət zamanı o, II Qaregini tam dəstəklədiyini bildirib. Eyni zamanda Ermənistan hakimiyyətinin 1700 illik erməni kilsəsinə konstitusiyaya zidd təcavüzünü qətiyyətlə pisləyib. Kilsəyə yaxın dairələr də bu görüşü müsbət dəyərləndiriblər. Hətta bildiriblər ki, Levon Ter-Petrosyan həmişə olduğu kimi Nikol Paşinyanın diktaturasının destruktiv siyasəti nəticəsində yaranmış dövlət boşluğunu dolduraraq, öz sanballı varlığını nümayiş etdirib. “Vətən” partiyasının üzvü Arsen Babayan isə bildirib ki, kilsənin geniş ictimai müdafiəsi var və ümid edirəm ki, bu cür müdafiə praktikada təsdiqlənəcək: "Və o zaman nikolizm vətənimizdən həqiqətən də yox olacaq".
Bu yaxınlaşmaya münasibət bildirən Nikol Paşinyan özünün “Teleqram” kanalındakı hesabında belə bir paylaşım edib: "Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir". Paşinyanın bu sözlərinə “hraparak” saytı belə cavab verib: “Bu, o deməkdir ki, onun (Paşinyan nəzərdə tutulur-red.) səhhətində ciddi problem var və dövlət başçısı kimi müvafiq müayinədən keçməlidir”. Baş nazir, həmçinin vurğulayıb ki, biz dövləti xalqa qaytardıq, kilsəni də qaytarmalıyıq. Bununla da Paşinyan bu sözləri ilə kilsənin xalqdan çox uzaqlaşdığını, siyasi sifarişlər yerinə yetirməsini bir daha vurğulayıb. Ermənistanın spikeri Alen Simonyan da birinci prezidentlə II Qareginin görüşünə toxunub. O, Levon Ter-Petrosyanı ölkədəki bütün məğlubiyyətlərin simvolu kimi xarakterizə edib.
Bəli, görünən odur ki, bu gün Ermənistanda hakimiyyət-kilsə mübarizəsi daha da kəskinləşib. Hətta demək olar ki, bu qarşıdurmadan vətəndaş müharibəsi qoxusu da gəlir. Bu qarşıdurmadan kimin qalib çıxacağını isə zaman göstərəcək. Bəzi analitiklərin fikrincə, bu, tərəflər arasında növbəti söz oyunundan başqa bir şey deyil. Belə ki, yaranan qarşıdurma Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin vaxtını uzatmağa xidmət edir. Görünür, bu məsələdə həm II Qaregin, həm də Paşinyan maraqlıdır.
Qvami Məhəbbətoğlu, “İki sahil”