11 iyun 2025 23:12
196

Paşinyanla erməni kilsəsi arasında gərginlik açıq müstəviyə keçib

Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında gərginlik demək olar ki, pik nöqtəsinə çatıb. Kilsəni və II Qaregini əxlaqsızlıqda, korrupsiyada ittiham edən N.Paşinyanın bu yaxınlarda kilsə mənsubunu subaylıq əhdini pozmaqda və yaxın qohumu ilə gizli eşq yaşadığını bildirərək katalikosu ağır ifadələrlə təhqir etməsi vəziyyəti daha da gərginləşdirib. Bir müddət əvvəl N.Paşinyan və həyat yoldaşı Anna Akopyan feysbuk səhifələrində Erməni Apostol Kilsəsinin  nümayəndələrinə qarşı kəskin təhqiramiz bəyanatlarla çıxış ediblər. Baş nazir sosial şəbəkə hesabında yazıb ki, onun təsəvvürünə görə, bütün ermənilərin katolikosu danılmaz nüfuz sahibidir, ədalətin dönməz müdafiəçisidir, danılmaz həqiqət mənbəyidir.O, bildirib ki, ermənilərin katalikosdan həqiqətləri eşitmək haqqı var: “Qoy, II Qaregin özü aydınlıq gətirsin: o, subaylıq andını pozubmu və onun uşağı varmı? Biz-onun mənsub olduğu kilsənin ardıcılları -həqiqəti ondan eşitmək hüququna malikik. Əgər məlum olsa ki, II Qaregin həqiqətən də subaylıq əhdini pozub və uşağı var, o zaman o, bütün ermənilərin katolikosu ola bilməz. Hər kəsin şəxsi və ailə həyatının gizliliyinə hörmətlə yanaşaraq bunu bəyan edirəm, lakin bütün ermənilərin katolikosunun belə bir şəxsi həyatı ola bilməz. Mən bu məsələni Erməni Apostol Kilsəsinin ardıcılı kimi qaldırıram, çünki mən mənəvi təhlükəsizlik məsələsini görürəm, bunu həm də Ermənistanın baş naziri kimi deyirəm, çünki dövlət təhlükəsizliyi məsələsini görürəm. Müqəddəs Eçmiədzin bu vəziyyətlə bağlı mövqe bildirməlidir, bundan sonra məsələyə daha ətraflı aydınlıq gətiriləcək”.

Yeri gəlmişkən, Roma katolik kilsəsində, Pravoslan kilsələrində, budduzmdə, bəzi digər dinlərdə din xadimlərinin və ruhanilərin subay qalması tələbdir. Ruhanilərin içdiyi subaylıq andı Selibat adlanır. Ermənilər ruhaniləri, necə deyərlər, subaylıq andı içdikdən sonra onların evlənmələri qadağan olunur.

 Bir neçə gün bundan əvvəl Nikol Paşinyan bildirib ki, ölkə hakimiyyəti kilsəni xalqa qaytarmalıdır. Baş nazir “Facebook” hesabında yazıb: “Dövlət (hakimiyyət) xalqın mülkiyyətidir. Kilsə xalqın mülkiyyətidir. Biz dövləti (hakimiyyəti) xalqımıza qaytarmışıq. Kilsəni də xalqımıza qaytarmalıyıq”.  Baş nazir keşmiş prezidetnlər L.Ter -Petrosyan, R.Koçaryan, S.Sarkisyan və onların məhdud saylı tərəfdarları istisna olmaq cəmiyətdəki bəzi kəsimlər, xüsusilə dövlət strukturlarında, təhsil ocaqlarında çalışanlar tərəfindən ciddi dəstək qazanıb. Məsələn, erməni jurnalist Natali Aleksanyan alverllə, ticarətlə məşğul olan kilsənin dövlət içində dövlətə çevrildiyini bildirib: “Bu vəziyyət parazit kimi Ermənistan dövlətinin bədənində kök salıb. Kilsə dövlətin resursları ilə qidalanır, lakin onun inkişafında iştirak etmir. Hər halda, əgər baş nazir həqiqətən də Ermənistan dövlətçiliyini gücləndirmək niyyətindədirsə, o zaman bu, “dövlət içində dövlət” problemini mütləq həll etməlidir. Əslində onun qarşısında yalnız bir yol var: konstitusiyanın yenidən gözdən keçirilməsi və Erməni Apostol Kilsəsinin şəffaf hüquqi müstəviyə çıxarılması. Beləliklə o, hüquqi dövlətdə fəaliyyət göstərən digər təşkilatlar kimi eyni qanunlara tabe olmalıdır”.

Artıq hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyası kilsənin dövlətə maliyyə hesabatı verməsini nəzərdə tutan qanun layihəsi üzərində işləmək niyyətindədir. Bu barədə fraksiyanın katibi Artur Ovannisyan sosial şəbəkədə məlumat verib. O, bildirib ki, şəxsi “Facebook” səhifəsində keçirdiyi sorğuda iştirak edən 2679 nəfərin 96 faizi (2575 nəfər) kilsənin dövlətə hesabat verməli olduğunu düşünür. Yalnız 4 faiz (104 nəfər) bunun əleyhinə çıxıb. Ovannisyan əlavə edib ki, bu nəticələr qanunvericilik təşəbbüsü üçün əsas yaradır.

Dəfələrlə keçmiş prezidentləri bu məsələlərlə bağlı açıq debata çağıran N.Paşinyan iyunun 7-də II Qareginlə görüşüb və ona dəstəyini ifadə edən, eyni zamanda “Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı antikonstitusion qəsdlərini” pisləyən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın hərəkətlərini şərh edərək  onu öz “Teleqram” kanalında paylaşıb. O yazıb: “Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir”.

Zahid Rza, “İki sahil”