12 iyun 2025 10:36
162

Dövlət Əmək Müfəttişliyi Xidmətində İctimai şura üzvləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın üzvləri ilə görüş keçirilib.

DƏMX-nin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, görüşdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılan islahatlar, xidmətin gördüyü işlər, gələcək planları və hədəfləri barədə məlumat verilib.

Keçən ilin avqust ayından etibarən elektron əmək müqavilələrinin tətbiqinə başlandığı, Xidmət və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST müfəttiş” layihəsinin uğurla icrası diqqətə çatdırılıb.

Bundan əlavə, DƏMX tərəfindən 2025-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, işəgötürənlər və onların nümayəndələri üçün əmək münasibətləri sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verilib.

Müəssisələrdə əməyin mühafizəsi sahəsində standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək vurğulanıb, yeni qəbul edilmiş standartlarla bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı şəffaflığın artırılması və korrupsiyanın qarşısının alınması istiqamətində görülən işlərə də toxunulub. İctimai şuranın sədri Elşad Məmmədovun və şura üzvlərinin fikirləri, eləcə də gələcək əməkdaşlıqla bağlı təklifləri dinlənilib.