12 iyun 2025 12:06
164

Bəzi binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması ilə bağlı tender keçirilməyəcək

Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarında dəyişiklik edilir.

“İki sahil” xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün vətəndaşın mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

Təklif edilən dəyişikliyə əsasən, bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilməyəcək.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcək.