İqlim dəyişikliyi ilə bağlı problemin əsas səbəbi yalnız enerji mənbələri deyil.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
Onun sözlərinə görə, hazırda dünya əhalisi tarix boyu heç vaxt olmadığı qədər yaxşı şəraitdə yaşayır:
“Bu, ölkələrin iqtisadi inkişafı sayəsində mümkün olub. Lakin bu inkişaf və sənaye inqilabı əsasən ənənəvi enerji mənbələrindən geniş istifadə ilə müşayiət olunub. Enerji olmadan sənaye inqilabını təsəvvür etmək mümkün deyil. Amma iqlim dəyişikliyini yalnız enerji sektoru ilə bağlamaq yanlışdır. Elə bil ki, problemin yeganə mənbəyi enerji sahəsidir. Bu, həqiqətə uyğun deyil”.
Nazir müavini bildirib ki, hazırda atmosferə atılan tullantıların təxminən 30 %-i kənd təsərrüfatı, tullantıların idarə olunması və digər sənaye proseslərinin payına düşür: “Bu sahələrin birbaşa enerji ilə əlaqəsi yoxdur. Məsələn, sement istehsalında əhəngdən istifadə zamanı karbon dioksid ayrılır. Bu prosesdə hətta "yaşıl enerji"dən istifadə olunsa belə, karbon emissiyası baş verir. Ümumilikdə karbon emissiyalarının təxminən 30 %-i belə qeyri-enerji sahələrinin payına düşür”.
E. Soltanov vurğulayıb ki, bu emissiyaların əsas mənbəyi inkişaf etmiş ölkələrdir: “Çünki bir ölkənin iqtisadiyyatı nə qədər böyükdürsə, onun karbon izi də bir o qədər yüksək olur. Problem ondadır ki, istixana qazlarının atmosferə buraxılmamasını təmin etmək olduqca bahalı prosesdir. Lakin bu problemi həll etmək mümkündür - sadəcə olaraq, bunun üçün çox böyük maliyyə resursları tələb olunur. Daha "təmiz iqlim"ə malik iqtisadi sistem qurmaq istəyiriksə, əlavə vəsait ayırmalı və bu istiqamətdə ciddi addımlar atmalıyıq”.