13 iyun 2025 00:44
151

Xankəndidən qaçan separatçılardan Paşinyana ultimatum

Qarabağdan İrəvana qayıdan erməni əhalisinin “sosial problemlərinin həlli” məsələsi ilə məşğul olmaq məqsədilə qondarma “artsax vətəndaş hüquqlarını müdafiə şurası” yaradılıb

Qarabağdan Ermənistana qaçan separatçılar 23 iyunda “mübarizənin ikinci mərhələsinə” başlayacaqlarını elan ediblər. Separatçılar fəaliyyətlərini Qarabağdan İrəvana qayıdan erməni əhalisinin “sosial problemlərinin həlli” məsələsi üzərində davam etdirir. Bu məqsədlə qondarma “artsax vətəndaş hüquqlarını müdafiə şurası” yaradılıb. Qondarma şuranın üzvü Aqres Marqaryan bildirib ki, “mübarizənin ikinci mərhələsi iyunun 23-də başlayacaq”. Lakin hansı formatda olacağını və hansı vasitələrə əl atacaqlarını açıqlamayıb. Bildirib ki, atacaqları addımları yaxın vaxtlarda elan edəcəklər. “Biz əvvəldən bildirmişdik ki, hökumət verdiyi vədləri yerinə yetirməsə, mübarizənin davam etdirəcəyik. Mövqeyimiz dəyişməyib. Artıq regionlarda məlumatlandırma və təşkilatlanma işləri həyata keçirilir”, - o bildirib.

Bu arada Njde İskəndəryan adlı biri özünü “arsaxın dövlət naziri” elan edib. Bunun Ermənistandakı revanşist dairələrin, erməni diasporunun və müəyyən xarici mərkəzlərin manipulyativ layihəsi kimi qiymətləndirmək olar. Bu fonda İskəndəryanın “nazirlik iddiası” yalnız idiotik gediş yox, həm də təxribatdır. Üstəlik, "özünütəyinat aktı" sual doğurur: axı kimdir bu adam? Onun kimliyi haqda məlum olanlar barmaqla sayılacaq qədərdir. Guya “arsax Gənclər Təşkilatı” adlı qeyri-rəsmi bir qurumu təmsil edir, həmçinin özünü “arsaxlıların Hüquqlarının Müdafiə Şurası” adlı ictimai hərəkatın üzvü kimi təqdim edir. Amma diqqət edin - bu strukturlar nə Ermənistanda, nə də beynəlxalq səviyyədə hüquqi və siyasi çəkisi olan qurumlar deyil. Onların arxasında nə parlament, nə hökumət, nə də xarici dəstək var. Yəni bu, sadəcə bir fərdi təşəbbüsdür - özü də sağlam düşüncədən xeyli uzaq bir təşəbbüs. Görünən odur ki, İskəndəryan ya ideoloji psixozla yaşayır və dövlətçiliyi imitasiyaya çevirir, ya da Ermənistan-Azərbaycan normallaşmasına qarşı maraqlı olan qüvvələrin əlində alətə çevrilib. Njde İskəndəryan bildirib ki, “mübarizə” təkcə sosial məsələlərin qaldırılması ilə məhdudlaşmır. Onların tələblərinə ermənilərin Qarabağa qayıdışının təmin edilməsi, “əsirlərin” (Bakıda həbsdə olan separatçılar) azad edilməsi və digər məsələlər də daxildir. Bütün bu absurd teatr Ermənistanın daxilindəki siyasi xaos və ziddiyyətləri bir daha açıq nümayiş etdirir. Bir tərəfdə Ermənistanın baş naziri Nikol Paşinyan çıxıb sülh çağırışları edir, digər tərəfdə isə İrəvanın ortasında “dövlət naziri" təyin olunur. Bu artıq sadəcə riyakarlıq deyil - bu, tam anlamıyla siyasi şizofreniyadır.

Bütün bunlar tək bir nəticəyə xidmət edir - normallaşmanı sabotaj etmək. Ermənistanın daxilində və xaricindəki revanşist dairələr anlayır ki, proses irəli getsə, “arsax kartı” birdəfəlik gözdən düşəcək. Ona görə də bu kartı heç olmasa informasiya səviyyəsində “ölümdən qurtarmaq” istəyirlər. Amma zaman dəyişib - nə Bakı əvvəlki Bakıdır, nə də region əvvəlki region. Azərbaycan bu cür uydurmaları nə ciddiyə alır, nə də cavabsız qoyur. Diplomatik müstəvidə, hüquqi arqumentlərlə, real faktlarla - bu cür avantüraların qarşısı alınacaq. İrəvanda isə bu cür “nazir təyinatları” ölkənin beynəlxalq nüfuzunu bir az da yerlə bir edir. Çünki dünya ictimaiyyəti artıq bu siyasi maskaraddan bezib. Onlar sülh istəyir. Sülh isə fantom strukturlarla yox, real dövlətlərlə olur.

Digər məsələ..Qarabağda yaşayan ermənilərdən istifadə edən klanlar bu illər ərzində on milyardlarla dollar "ianə" toplaya biliblər. Ora göndərilən vəsait ermənilərin sosial problemlərinin həlli üçün nəzərdə tutulsa da, separatçıların rəhbərləri və onların yaxın ətrafı tərəfindən mənimsənilib. Sonradan Ermənistanın prezidenti olacaq separatçıların liderləri Koçaryan və Sarkisyan bütün zamanlarda cah-cəlal içində yaşayıblar. Ermənilərin "öz müqəddəratını təyinetmə hüququ" separatçıların üzündəki maska, niyyət isə dünya ölkələrindən, beynəlxalq maliyyə mənbələrindən pul toplamaq olub. Qarabağdan köçən ermənilər üzərindən Azərbaycana təzyiq etmək, hansısa formada ölkəmizə qarşı təhdid yolunu seçmək bəzi mərkəzlərin əlinə düşən fürsətdir. Təbii ki, həm Ermənistandan, həm də xarici ölkələrdən gələn belə təhdidlər "sabun köpüyü" effektindən uzağa getmir. Azərbaycanın əlində, necə deyərlər, "daşdan keçən" faktlar var. Dövlətimiz 44 günlük müharibəni öz ərazisində separatçılara və Ermənistan ordusuna qarşı aparıb. Dinc sakinlər hərbçilərimizin hədəfi olmayıb. Mümkün qədər mülki vətəndaşların zərər çəkməməsinə çalışıb. Nəticə də bunu sübut edir. Ermənilər isə ballistik raketlərdən istifadə edərək mülki vətəndaşlarımızı qətlə yetiriblər. Həmçinin ermənilərin Qarabağdan getməməsi üçün müxtəlif tədbirlər həyata keçirib, sərhəd-keçid məntəqəsində onlarla söhbətlər aparılıb və bütün bunlar kameraların yaddaşına köçürülüb. Ermənistanda bəzi qruplar isə ötən bir il ərzində Qarabağdan köçən erməniləri etiraz aksiyalarına çıxarıblar, nümayişlərdə cərgələrin önünə düzüblər, polislərlə qarşıdurmalara sövq ediblər, bir sözlə, yenə onlardan sui-istifadə ediblər. "Qarabağ erməniləri", necə deyərlər, "Koçaryan-Sarkisyan-erməni diasporu" üçlüyünün əlində dəyənək kimi istifadə edilib. Bu gün həmin ermənilər, demək olar ki, Ermənistanda qalmayıblar, əksəriyyəti xaricə üz tutub. Rusiyaya gedənlər daha çoxdur və bu ölkədəki bəzi erməni təşkilatları onlardan Azərbaycana qarşı istifadə etməyi hədəfləyir. Digər tərəfdən isə, "təbliğat maşını"nın işə salınması Azərbaycanla Ermənistan arasında sülh sazişinin əngəllənməsinə hesablanıb. Rəsmi İrəvan isə özünə əlavə problemlər yaratmamaq üçün seyrçi mövqeyindədir.

Sevinc Azadi, “İki sahil”