12 iyun 2025 20:02
153

Britaniya Hindistanda aviaqəza yerinə müstəntiqlər göndərəcək

Böyük Britaniya hökuməti “Air India” təyyarəsinin qəzaya uğradığı Hindistanın Əhmədabad şəhərinə dörd nəfərdən ibarət müstəntiq qrupu göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin xüsusi müşavirinə istinadən “Sky News” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, müstəntiqlər hadisə yerinə iyunun 13-də günorta saatlarında çatacaqlar.

Xatırladaq ki, bu gün “Boeing” təyyarəsi havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəzadan əvvəl pilotlar qəza siqnalı göndərə biliblər.

Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və göyərtə bələdçiləri də daxil olmaqla 242 nəfər olub. Qəzadan yalnız 1 nəfər sağ çıxıb.