15 iyun 2025 12:15
140

Efkan Ala: Şuşa Bəyannaməsinin ildönümü Azərbaycan-Türkiyə münasibətlərində tarixi mərhələnin təntənəsidir

Şuşada təşkil olunan “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusundakı beynəlxalq konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, tədbirin əhəmiyyətinə və simvolik məkanına xüsusi diqqət çəkib.

Efkan Ala, çıxışı zamanı qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında strateji ittifaqın zirvəsi olan Şuşa Bəyannaməsinin imzalanmasından dörd il ötür və bu mühüm sənədin ildönümünü elə Şuşada-Qarabağın mədəniyyət paytaxtında qeyd etmək böyük qürur və sevinc hissi doğurur:
“Qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizdə yeni mərhələnin əsasını qoyan Şuşa Bəyannaməsinin cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasının dördüncü ildönümündə sizlərlə birlikdə olmaq mənim üçün xüsusi anlam daşıyır”.

O, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın Türk dünyası üçün yalnız coğrafi deyil, mənəvi əhəmiyyət daşıdığını vurğulayıb:
“Ümummilli Lider Heydər Əliyevin "əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə" kimi səciyyələndirdiyi Şuşa, dini və tarixi irsi ilə yanaşı, yetirdiyi görkəmli sənətkarları, fikir adamları ilə də bütün Türk dünyasının qəlbində yer tutub. Biz bu gün burada təkcə bir tədbir üçün toplaşmamışıq-biz bir xalqın tarixində, mədəniyyətində və ruhunda bir araya gəlmişik”.

Efkan Ala bildirib ki, Qarabağın işğal altında qaldığı dövrdə bölgənin zəngin mədəni irsinə qarşı sistemli dağıdıcı yanaşmalar müşahidə olunub. Lakin 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə, bu ədalətsizliyə son qoydu:
“Qarabağın azadlığı yalnız hərbi zəfər deyil, eyni zamanda, hüququn, beynəlxalq ədalətin və siyasi legitimliyin bərpasıdır. Bu Zəfər, həm də bütün Türk dünyasının ortaq qürurudur”.

Türkiyə nümayəndəsi çıxışında, işğal dövrünün Cənubi Qafqazda yaratdığı sabitsizlik mühitinin artıq geridə qaldığını və yeni mərhələdə sülh, bərpa və əməkdaşlığın ön planda olduğunu da diqqətə çatdırıb. Onun fikrincə, bu çağırışlara qarşı birlik, qardaşlıq və strateji əməkdaşlıq daha da dərinləşməlidir.

Səbinə Qorxmaz "İki sahil"