16 iyun 2025 16:49
126

Türkiyə Hesablama Məhkəməsinin sədri: İğdır – Naxçıvan təbii qaz kəməri layihəsi birgə fəaliyyət nəticəsində həyata keçirilib

"Türkiyə Respublikasının Hesablama Məhkəməsi ilə Azərbaycan Hesablama Palatası tərəfindən önəmli layihələrdən biri olan İğdır – Naxçıvan təbii qaz kəməri layihəsi birgə fəaliyyət nəticəsində həyata keçirilib. Bu işləri ötən il İğdırda bir protokolun imzalanması ilə başlatdıq. Müddət tamamlandı və bir illik zaman içərisində hər iki yüksək dövlət təşkilatı işləri uğurla həyata keçirdi".

“İki sahil” xəbər verir ki,  bu sözləri Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener Naxçıvan şəhərində İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisinə dair aparılmış paralel auditin yekun hesabatlarının təqdimatına həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə tərəfindən BOTAŞ, Naxçıvan tərəfindən isə SOCAR tərəfindən həyata keçirilən bu proyekt iki ölkə arasındakı böyük layihələrdən olmaqla bərabər, iki ölkənin böyük təşkilatları arasındakı ortaq fəaliyyətdə bir ilk idi: "Bununla iki ölkə arasındakı münasibətlər daha da möhkəmləndi, bərabər iş görməkdən də önəmli, görülən işləri dünya standartlarına uyğun təqdimatını etdilər. Bu iki ölkə hesablama təşkilatları adına qürurverici haldır. Bu gün Azərbaycan Hesablama Palatasının sədri ilə keçirilən görüşlərdə bu işbirliyini daha da irəli nöqtəyə daşıyacağıq. Palata sədrini 15 gün sonra Türkiyədə qarşılayacağıq. Orada da yeni iş birliyinə dair sənəd imzalayacağıq. Bu ilin sentyabr ayında da bütün türk Cümhuriyyətləri ilə bağlı gözəl xəbərlərimiz olacaq. Naxçıvanda olduğum üçün böyük məmnunluq duyuram. Bu gözəl qonaqpərvərlik üçün hər kəsə təşəkkür edirik".