Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin iyunun əvvəlində Qubada təşkil etdiyi Aqrar Biznes Festivalında bir şirkət 40 ədəd traktor satıb.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzin direktoru Anar Cəfərov bildirib. Onun sözlərinə görə, həmin traktorlar bağçılıq sahəsində istifadə olunur. “Satış bir gündə hayata keçirilib, müqavilə bağlanılıb, növbəti aylarda traktorlar təhvil veriləcək və satış prosesi davam etdiriləcək”, - deyə direktor qeyd edib.
O, həmçinin deyib ki, bu günə qədər 66 bölgədə Aqrar Biznes Festivalı keçirilib: "Festivallarda yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar, ağıllı təsərrüfat sistemləri, rəqəmsal platformalar nümayiş etdirilib. Eyni zamanda, bir sıra dövlət qurumları da festivalda iştirak edərək fermer və sahibkarlara xidmətlərini təklif və nümayiş ediblər. İştirakçılar məhsullarını təqdim etməklə yanaşı, potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər. Aqrar Biznes Festivalları kənd təsərrüfatında innovativ yanaşmaların təşviqi və praktiki biliklərin regionlara ötürülməsi, həmçinin dövlət dəstəyi alətlərindən effektiv istifadə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır".