17 iyun 2025 17:50
116

Aqrar Kredit və İnkişaf Agentliyində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) maarifləndirmə tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd insan hüquqlarının təşviqi, müdafiəsi və təmini işinə diqqəti daha da artırmaqdır.

“İki sahil” xəbər verir ki, tədbirdə AKİA-nın Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Adil Məmmədov çıxış edərək beynəlxalq səviyyədə və o cümlədən ölkəmizdə insan hüquq və azadlıqlarına dair sənədlərin qəbul olunma tarixi və təkmilləşdirilməsi barədə məlumat verib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcı olmuşdur. Ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il 18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.

Adil Məmmədov əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatların insanların əsas hüquq və azadlıqlarının, sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə sistemində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə olaraq insan hüquq və azadlıqlarına dair beynəlxalq konvensiyaların əhəmiyyəti və onların ölkəmizdə ratifikasiyası haqqında məlumat verib.

Tədbirdə əmək hüquqlarına riayət edilməsi, sosial hüquqların təmin olunması, habelə AKİA-ya daxil olan sənədlərin və vətəndaş müraciətlərinin vaxtında cavablandırılması, icrasına nəzarətin təmin olunması və digər mövzularda iştirakçılara məlumat verilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.