Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir.
Bu fikirləri Prezident İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirib.
Prezident, həmçinin bildirib ki, indi dünyada 200-ə yaxın müstəqil ölkə var: “Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq”. Prezidentin fikrincə, elə dünyada böyük şöhrət qazanmağımızın səbəbi də budur. Torpaqlarımız uzun illər erməni işğalı altında olanda da ölkəmiz müstəqil siyasət yürüdüb və bununla böyük hörmət qazanıb. İkinci Qarabağ müharibəsindəki, birgünlük lokal antiterror əməliyyatındakı Zəfərimiz isə beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da artırıb. Artıq bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu və ölkəmizin haqlı Qələbəsini qəbul edib.

Azərbaycan öz müstəqil siyasəti ilə erməni işğalçılarını ərazilərindən qovub çıxarıb, suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq nəzarətimizdədir. Özü də Azərbaycan buna heç bir xarici hərbi kontingentə arxalanmadan nail olub. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra Ermənistanla əldə olunmuş sülhün müəllifi də məhz Azərbaycandır. Azərbaycan regional sülh gündəliyini irəli sürərək, qarşıdurma deyil, əməkdaşlıq modelini təklif edib və bu siyasət Vaşinqtonda sülhün paraflanması ilə öz təsdiqini tapıb.
Bəli, bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış ölkəmizin uğurlarının təməlində onun həyata keçirdiyi müstəqil siyasət durur. Bu müstəqil siyasət isə ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir və Azərbaycan artıq bütün dünyada müstəqil geosiyasi mərkəz kimi qəbul olunur.
Məhz rəsmi Bakı bu müstəqil siyasəti ilə ermənilər tərəfindən viran qoyulmuş ərazilərimizdəki şəhər və kəndlərimizi bərpa edir. Daha doğrusu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın hər bir nöqtəsində həyat yenidən canlanır. Otuz illik dağıntıların, işğalın ağrılı izləri silinərək, yerini müasir, modern və gözoxşayan yaşayış məkanlarına verir. Hətta 2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır.
Xatırladaq ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. Elə o vaxtdan kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”