Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) bugünkü tədbiri regionda iqtisadi əlaqələrin möhkəmləndirilməsi və səmərəli parlamentlərarası dialoqun təşviqi istiqamətində atılan növbəti əhəmiyyətli addımdır.
“İki sahil” xəbər verir ki, bunu Bolqarıstan Milli Assambleyasının prezidenti Nataliya Kiselova QDİƏT PA-nın 65-ci plenar sessiyasının açılış mərasimində söyləyib.
O deyib: “Bolqarıstan inanır ki, Qara dəniz regionu ölkələri üçün davamlı inkişaf və rifah yalnız iqtisadi əməkdaşlıq gücləndirilməklə təmin edilə bilər. Bu fundamental prinsip bizim ortaq hədəfimiz olaraq qalmalıdır. Xüsusilə də müasir dövrün dinamik qlobal dəyişiklikləri, hərbi münaqişələr və müxtəlif böhranlar fonunda. Ona görə də biz bu strategiyanın mərkəzinə mehriban qonşuluq münasibətlərini yerləşdirməli, yalnız regional deyil, eyni zamanda, beynəlxalq əməkdaşlığın da inkişafına töhfə verməliyik”.
Plenar sessiyada aparılan müzakirələrin aktuallığına toxunan Nataliya Kiselova qeyd edib: “Bu, vaxtında atılmış təşəbbüsdür. Çünki müasir və səmərəli nəqliyyat infrastrukturu iqtisadi inkişafın əsas dayaqlarından biridir. Yüksək keyfiyyətli nəqliyyat sistemləri yalnız ticarət əlaqələrini asanlaşdırmır, eyni zamanda, iqtisadiyyatların rəqabət qabiliyyətini artırmaqla davamlı inkişaf və inteqrasiya üçün real imkanlar yaradır. Lakin nəzərə almaq lazımdır ki, nəqliyyat sistemlərinin nəzarətsiz və plansız inkişafı ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərə bilər. Buna görə də, regionda davamlı inkişafın təmin olunması üçün istixana qazlarının emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin tətbiqi istiqamətində səylər göstərilməlidir. Bu yanaşma, dayanıqlı və təhlükəsiz inkişaf prinsiplərinə uyğun olaraq, regionun rifahına töhfə verəcək, insanların və bizneslərin gözləntilərini qarşılayacaq”.