20 iyun 2025 14:48
109

Çağırışçıları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşlardan rüşvət almaları barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaqla R. Şükürovun sözügedən vəzifədə işləyərkən X. Əzimov və E. Nəbiyev ilə cinayət əlaqəsinə girərək çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab olunmaları barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa R. Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab olunmasına köməklik edilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında R. Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, E. Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, X. Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı növündə əsas, hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə isə əlavə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.