23 iyun 2025 10:47
95

QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.

“İki sahil” xəbər verir ki, idarənin bu barədə yaydığı məlumatda nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

Qeyd edilib ki, son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir.

Bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında qanvermə aksiyası keçiriləcək. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.

Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir.

Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir.

Xüsusilə qeyd edilib ki, ölkənin suverenliyi, dövlətçiliyin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir.

Vurğulanıb ki, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.