Bakı-Gədəbəy, Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Ağdaş və Mingəçevir-Bakı şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, “Bakı-Gədəbəy” marşrutu üzrə hüquqi şəxs "Xoşqədəmli" MMC, “Bakı-Lənkəran” marşrutu üzrə fiziki şəxs Həsənli Mirnahid İqbal oğlu, “Bakı-Sabirabad” marşrutu üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu, “Bakı-Ağdaş” marşrutu üzrə fiziki şəxs Məhərrəmov Tural Elşad oğlu, “Mingəçevir-Bakı” marşrutu üzrə fiziki şəxs Rəsulov Şərif Kamal oğlu qalib elan olunublar.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.