24 iyun 2025 13:09
118

QHT-lərin göstərdiyi xidmət və işlərə dair tələblərin təkmilləşdirilməsi ilk oxunuşda qəbul edilib

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair mövcud tələblər təkmilləşdirilir.

“İki sahil” xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” haqqında qanunlara dəyişiklik layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, hazırki tələblərə əsasən qeyri-hökumət təşkilatı tərəfindən qüvvədə olan Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin (malların satışından, xidmətlər göstərilməsindən, işlərin görülməsindən daxilolmalar) göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir və xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Təklif edilən yeni dəyişikliyə əsasən qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır ki, bu da yuxarıda qeyd edildiyi kimi, sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır.

O da qeyd edilib ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.