25 iyun 2025 08:30
121

Tacikistan 2032-ci ilə yaşıl enerji istehsal edən ölkəyə çevriləcək

Tacikistan geniş hidroenerji ehtiyatları ilə yanaşı, istifadə olunmayan günəş və külək enerjisi potensialına da malikdir. Aparılmış təhlillərə əsasən, ölkənin iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 369 600 MVt, külək enerjisi potensialı isə 4 485 MVt təşkil edir.

“İki sahil” xəbər verir ki, bu barədə Düşənbədə işinə başlayan “Tacikistan Respublikasında bərpa olunan energetikanın inkişaf perspektivləri” adlı 3-cü Beynəlxalq Konfransda bildirilib. Məlumatı Tacikistanın Energetika və Su Ehtiyatları Nazirliyinə istinadla “Xovar” Milli İnformasiya Agentliyi yayıb.

Konfrans Tacikistan Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi, Tacikistanın Bərpa Olunan Enerji Mənbələri Assosiasiyası və inkişaf üzrə tərəfdaş qurumların təşəbbüsü ilə təşkil olunub. Bu tədbir “yaşıl energetika”nın inkişafı sahəsində beynəlxalq səylərin əlaqələndirilməsi üçün mühüm platforma hesab olunur.

Konfransda aidiyyəti dövlət qurumlarının nümayəndələri, elmi-tədqiqat mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatları, yerli və xarici alimlər, ekspertlər və donor təşkilatların nümayəndələri iştirak edirlər.

Konfransın rəsmi açılış mərasimində çıxış edən Tacikistan Respublikasının energetika və su ehtiyatları nazirinin müavini Manuçöhr Safarzoda qeyd edib: “Tacikistan nəhəng hidroenerji potensialına malikdir, lakin hazırda bu resursların yalnız 5 faizi istifadə olunur. İl ərzində 527 milyard kilovat/saat qədər qiymətləndirilən bu potensial yalnız Tacikistanın deyil, bütövlükdə regionun təmiz enerji ehtiyaclarını ödəmək gücündədir”.

O, həmçinin vurğulayıb ki, hazırda Tacikistan Mərkəzi Asiyada “yaşıl enerji” istehsalına görə lider ölkədir və bu göstəriciyə görə dünyada altıncı yeri tutur. Əgər qarşıya qoyulan məqsədlər reallaşarsa, ölkə 2032-ci ilə qədər enerji tələbatını 100 faiz bərpa olunan mənbələr hesabına ödəyən dövlətə çevrilə bilər.

Konfransın əsas məqsədi Tacikistanda bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirmək, enerjiyə qənaət siyasətini təşviq etmək və enerji səmərəliliyini artırmaqdır.

Qeyd olunub ki, Tacikistanın xüsusilə su və günəş enerjisi sahəsində bərpa olunan enerji istehsalı üçün böyük təbii potensialı var.