Çilidə yerləşən Vera C. Rubin Rəsədxanası dünyanın ən böyük rəqəmsal kamerası ilə əldə etdiyi ilk görüntüləri ictimaiyyətə təqdim edərək astronomlar arasında böyük maraq doğurub. 3200 meqapiksellik bu qabaqcıl kamera aprel ayında teleskopun tikintisi tamamlandıqdan sonra başlayan sınaq mərhələsində istifadə edilib.
“İki sahil” “NATURE” jurnalına istinadla xəbər verir ki, sözügedən görüntülər göy cismlərinin və qalaktik strukturların yüksək dəqiqliklə və geniş miqyasda müşahidə olunmasını mümkün edən yeni nəsil texnologiyanın imkanlarını nümayiş etdirib. Görüntülərdən birində, Süd Yolunun ionlaşmış hidrogenlə zəngin bölgəsində yerləşən Trifid Dumanlığı və Laqun Dumanlığı əks olunub. Bu görüntü cəmi yeddi saat ərzində çəkilmiş 678 monoxromatik ekspozisiyanın birləşdirilməsi ilə yaradılıb. Dörd fərqli filtr vasitəsilə əldə olunan məlumatlar görüntüyə yüksək rəng dərinliyi və estetik zənginlik qazandırıb.
Rubin Rəsədxanası ABŞ-ın rəhbərlik etdiyi və 810 milyon ABŞ dolları dəyərində olan bir layihədir. O, And dağlarının mərkəzi hissəsində, Cerro Pachon zirvəsində yerləşir. Rəsədxana hər 3-4 gecədən bir bütün cənub səmasını xəritələşdirə biləcək qədər geniş bir baxış bucağına malikdir. Bu xüsusiyyət onu “Hubble” və “James Vebb” kimi kosmik teleskoplardan fərqləndirir; belə ki, həmin teleskoplar səmanın kiçik bir hissəsinə fokuslanaraq yüksək detal səviyyəsi təqdim etsə də Rubin teleskopu geniş sahəli müşahidələrdə üstünlük təşkil edir.
Rəsədxananın tikintisi üzrə direktor müavini Sandrine Tomasın sözlərinə görə, bu ilkin görüntülər daha çox texnoloji potensialı və estetik baxımdan təsir gücünü nümayiş etdirmək məqsədi daşıyır. Bununla belə, gələcəkdə təqdim olunacaq “məlumat məhsulları” daha çox elmi-tədqiqat məqsədlərinə yönəlik olacaq. Tomas əlavə edir: “Biz astronomiyaya, səmaya və onun gözəlliyinə baxmağı sevirik”.