25 iyun 2025 14:20
141

Ağdaşda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Konstitusiya və Suverenlik İli çərçivəsində Ağdaşda 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirələri bir dəqəqlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatın sədri Əlişah Rəcəbov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən, bu sahədə görülmüş misilsiz işlərdən geniş bəhs edib. Əlişah Rəcəbov qeyd edib ki, ölkəmizdə nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla, müasir dövrün tələbləri çərçivəsində həyata keçirən Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.

Tədbirdə Birinci Qarabağ müharibəsi iştirakçıları İsmayıl Xudiyev, İlham Beydullayev, Süleyman Məmmədhüseynov çıxış edərək həmin dövrdə üzləşmiş olduqları çətin məqamları xatırlatdılar. Çıxışçılar bildirdilər ki, Vətən müharibəsində qazandığımız Zəfərin memarı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından birinə çevrilmişdir. Ölkədə həyata keçirilmiş düşünülmüş siyasət nəticəsində torpaqlarımızın işğalına son qoyulmuş, dövlət suverenliyimiz bərpa edlmişdir.