25 iyun 2025 16:40
154

8 Noyabr” Elektrik Stansiyası- ölkənin iqtisadi suverenliyinin ən mühüm simvollarından biridir

Azərbaycanın "İşıqlar şəhəri", eyni zamanda, 4-cü iri sənaye mərkəzi olan  Mingəçevir, ölkəmizin enerji qüdrətinin sinonimi olan şəhərdir. İkinci Dünya müharibəsindən sonra nəhəng Mingəçevir Su Elektrik Stansiyasını inşa etməklə şəhərin müasir inkişafı başladı.  Ən parlaq dövr 1970-ci illərdə - Azərbaycan SSR-ə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrə düşdü. Məhz onun təşəbbüsü ilə Mingəçevir təkcə elektrik stansiyasına deyil, tam hüquqlu sənaye və təhsil mərkəzinə çevrildi. Burada Politexnik İnstitutu yaradılmış, texnikumlar, elmi laboratoriyalar fəaliyyətə başlamışdır. Bu, enerji kimi mürəkkəb və texnoloji cəhətdən intensiv bir sahədə davamlı inkişaf etdirmək imkanı verdi.

Lakin, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkədə hökm sürən xaos və iqtisadi problemlər fonunda əldə olunan nailiyyətləri saxlamaq çox çətinləşdi. Yalnız, xalqın tələbi ilə  Ulu Öndər hakimiyyətə qayıdışından sonra hər bir dövlətin inkişafı üçün ən mühüm amillər- ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu. Və Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə Mingəçevir və bütövlükdə Azərbaycanın enerji sistemi yeni dövrə qədəm qoydu. Dövlət başçısının Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının  açılışında söylədiyi fikirlər energetika sahəsində aparılan sistemli işləri təsdiqləyir: “Son 20 ildə biz Azərbaycanın enerji sistemini, demək olar ki, sıfırdan qurmuşuq”. Bu sadəcə bir fikir deyil. Son 20 ildə Azərbaycan elektrik enerjisi idxalından asılı olan ölkədən Cənubi Qafqazda ən böyük elektrik enerjisi istehsalçısı və ixracatçısına çevrilib. Son illərdə yeni generasiya qurğularının istifadəyə verilməsi sürəti dinamik surətdə artıb, sabitliyi qorumaq və ixrac imkanlarını genişləndirmək üçün yeni ötürücü sistem obyektləri - elektrik verilişi xətləri və yarımstansiyalar tikilib. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.

Gördüyümüz kimi, İkinci Qarabağ Müharibəsində Qələbənin şərəfinə adlandırılan “8 noyabr” stansiyası rəmzi və texnoloji flaqmandır. Bu, ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycanın ixrac potensialını xeyli artırır. Gürcüstan, Türkiyə, Rusiya və İran kimi ölkələrə elektrik enerjisi ixracı ildə 3 milyard kilovatsaatdan artıqdır. Yaşıl Enerji Dəhlizi layihəsinin işə salınması və Avropanın ENTSO-E sisteminə qoşulması ilə Azərbaycan Rumıniya və Macarıstan vasitəsilə Aİ ölkələrinə elektrik enerjisi ixrac etməyi planlaşdırır. Eyni zamanda, Mingəçevir ölkənin əsas generatoru kimi bu enerjinin ixrac edildiyi nöqtəyə çevrilir.

Analitiklərin fikrincə, yaxın 10-15 ildə Mingəçevir, Cənubi Qafqazda ilk tam intellektual enerji şəhəri olacaq. Smart Grid-in tətbiqi, bərpa olunan enerji mənbələrinin (külək və günəş) mərkəzləşdirilmiş generasiya və enerji saxlama sistemləri ilə inteqrasiyası planlaşdırılır. Azərbaycanın Energetika Nazirliyi bərpa olunan enerjiyə əsaslanan əlavə güclərin tikintisini açıqlayıb - 2030-cu ilə qədər "yaşıl" enerjinin payı 30%-ə çatmalıdır. Mingəçevir isə enerji axınlarının idarə olunması üçün infrastruktur mərkəzi kimi bu layihədə əsas rol oynayacaq. Sistemli inkişafa, modernləşməyə, kadr hazırlığına və beynəlxalq əməkdaşlığa diqqət yetirilməsi şəhəri təkcə “elektrik paytaxtı” deyil, həm də ölkənin iqtisadi suverenliyinin ən mühüm simvollarından birinə çevirir. Və Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi: “Görülən bütün işlər bir daha göstərir ki, Azərbaycan düzgün yoldadır”.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor