İyunun 13-də başlayan İsrail-İran hərbi qarşıdurması iyunun 24-də səhər saat 8-də iki dövlətin atəşkəs razılaşması ilə dayanıb. Atəşkəsin əldə olunmasında rolu olduğu bildirilən ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində etdiyi paylaşımda Tehranın bölgədə sülh və harmoniyaya doğru irəliləmək istədiyini, İsrailin də eyni məqsədi olduğunu bildirib.
12 gün sürən hərbi əməliyyatlar hər iki tərəfdən hərbçilərlə yanaşı, mülki şəxslər arasında da çoxsaylı ölümlərə səbəb oldu, şəhərlər və infrastruktur obyektləri dağıdıldı. İsrail və ABŞ İranın uranı zənginləşdirmək imkanlarını yox etdiklərini, İran isə İsrailə və ABŞ-a layiqli cavab verdiyini bildirir. Hər iki tərəf münaqişədə ciddi uğur əldə etdiyini iddia etsə də, qarşıdurmanın nəticələri göstərir ki, burada qalibdən danışmağına dəyməz.
Azərbaycanın qonşuluğunda baş verən bu münaqişə ilk gündən ölkəmizdə xüsusi narahatlıqla izlənildi. Səbəblərdən biri bölgədə yeni müharibənin olmasını istəməməyimiz idisə, digəri Azərbaycanın hər iki dövlətlə dost münasibətlərdə olmasıdır.
Azərbaycanın münaqişə ilə bağlı ilk gündən mövqeyi aydın idi - müharibə genişlənərsə, qlobal və regional fəsadları ağır ola bilər. Rəsmi Bakı dəfələrlə bu mövqeyini diqqətə çatdırdı. Müvafiq mövqe Xarici İşlər Nazirliyinin bəyanatlarında da əksini tapdı. Tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıldı. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulandı.
Bəyanatda həmçinin qeyd olundu ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir. Daha sonra xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə də telefon danışığı zamanı bu ölkənin nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğuladı. Bu mövqe İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında da bir daha təsdiqləndi. Bəyan edildi ki, Azərbaycan Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsindən, o cümlədən qonşu İrana qarşı hərbi əməliyyatlardan narahatdır.
Qeyd etdiyimiz kimi, iki həftəyə yaxın sürən İran-İsrail müharibəsi qalibi müəyyən etmədi. Lakin bu gedişat bəzi regional reallıqları, faktları bir daha qabartmış oldu.
Bu reallıqlardan biri də İkinci dünya müharibəsindən sonra Azərbaycandan başqa heç bir dövlətin müharibələrdən tam qalib çıxmaması ilə bağlıdır. Söhbət torpaqlarımızın 30 illik erməni işğalından azad etməsindən, dövlət suverenliyimizin bərpasından və Ermənistanın kapitulyasiyasından gedir. İki onillikdən çox aparılan nəticəsiz danışıqlar zamanı Azərbaycana misilsiz beynəlxalq təzyiqlərin edildiyini, əksinə Ermənistana aşkar və gizli hərbi-siyasi dəstək verildiyini xatırlasaq, ölkəmizin əldə etdiyi qələbənin əhəmiyyətini bir daha görmüş olarıq.
Prezident İlham Əliyev martın 18-də Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı da bunu xüsusi vurğulayıb. Bildirib ki, indi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.
Prezidentin bu fikirləri həm İran-İsrail münaqişəsinə, həm də günümüzdə baş verən başqa qarşıdurmalara şamil edilə bilər. Azərbaycanın mövcud olduğu coğrafiyada Rusiya-Gürcüstan müharibəsi də faktiki olaraq qalibsiz başa çatıb. Rusiya-Ukrayna savaşı isə davam etsə də, sülhün baş tutması üçün hər iki tərəfin ciddi güzəştlərə getməli olduğu göz önündədir. Ukraynada minlərlə insan ev-eşiyindən didərgin düşüb, əraziləri işğal olunub, ən əsası, hər iki tərəfdən yüz minlərlə insan öldürülüb. Qanlı proseslər isə hələ də davam edir və üfüqdə real nəticə görünmür.
Azərbaycanın ərazi bütövlünün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioriteti olub. İlham Əliyev hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Və 107 illiyini sabah qeyd edəcəyimiz Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə bir şücayət göstərdi ki, dünyanın ən böyük dövlətləri, ən güclü orduları belə bu təcrübəni öyrəndiklərini, təhlil etdiklərini gizlətmirlər. (Report)