İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından “İki sahil”ə bildirilib ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
33 kiloqramda Ülviyyə Musayeva rumıniyalı Mariya Pavelə 8:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabı ilə məğlub olub.
36 kiloqramda Gülay Xasməmmədova rumıniyalı Ariana Harsanı 15:8 hesabı ilə üstələsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya “tuş”la uduzub.
39 kiloqramda yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova macarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
42 kiloqramda Yağmur Məlikli 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova eyni mərhələdə ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.
46 kiloqramda Nuray Cəfərli polşalı Karolina Qvodza 6:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.
50 kiloqramda Günel Kərimli təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya “tuş”la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.
54 kiloqramda Məryəm Əmrəli türkiyəli Asya Cintasa 9:2, makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovska keçilməz olub – 2:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.
58 kiloqramda İnci Abdullayeva ilk mərhələdə gürcüstanlı Ana Tsereteliyə “tuş”la məğlub olub.
62 kiloqramda Rəna Nuriyeva serbiyalı Nikoleta Saboya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10 hesabı ilə məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.
66 kiloqramda Simurə Abdullayeva bolqarıstanlı Veronika Stoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabı ilə, serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda belaruslu Kamila Rudziankovaya heç bir şans verməyib – 10:2. Şəmkir güləş məktəbinin yetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.
Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.