İyunun 25-də Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2024/2025-ci il buraxılış ilinin tələbələri və magistrantları üçün Məzun Günü tədbiri keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini, universitetin professor-müəllim heyəti, məzunların valideynləri, universitetin əməkdaşlıq etdiyi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında böyük nailiyyətlər arzulayıb, eyni zamanda məzunların müasir əmək bazarında layiqli yer tutacaqlarına, qazandıqları bilik və bacarıqları reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəklərinə əminliyini ifadə edib.
A. Nağıyev bildirib ki, ölkəmizdə ali təhsilin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış inkişaf kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tamamilə yeni bir keyfiyyət mərhələsinə yüksəldilib. Hazırda Azərbaycan gənclərinin həm ölkə daxilində, həm də xaricdə nüfuzlu ali məktəblərdə təhsil almaları üçün geniş imkanlar yaradılıb. Rektor qeyd edib ki, dövlət başçısının sərəncamları ilə xaricdə təhsilə dair proqramlar uğurla həyata keçirilir, ali təhsil sistemi isə sürətli inkişaf mərhələsindədir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mühüm islahatlar reallaşdırılır, ali təhsilə əlçatanlığın təmin olunması istiqamətində ciddi addımlar atılır, təhsildə inklüzivlik əsas prioritetlər sırasında tətbiq olunur.
Rektor çıxışına davam edərək bildirib ki,son 5 il ölkəmizin tarixində böyük hadisələrlə yadda qaldığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin düşmən üzərində Qələbə qazanıb , ərazi bütövlüyümüzün bərpa edilib, dövlət suverenliyimiz bütün ərazilərimizdə bərqərar olub, Azərbaycan torpaqları son qarışına kimi düşməndən azad edilib, Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə şanlı, üçrəngli bayrağımız ucaldılıb.
Anar Nağıyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdıraraq, bu qərarın dövlətçiliyimizin hüquq təməllərinə, milli birliyimizin əsaslarına və müstəqilliyimizin mahiyyətinə verilən dərin dəyərin olduğunu bildirib. Rektor qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” təkcə hüquqi sənədləri deyil, həm də xalqımızın iradəsini, ərazi bütövlüyümüzə olan sadiqliyini və milli kimliyimizi təsdiq edən tarixi-siyasi fəlsəfəni təcəssüm etdirir və təbii ki, BSU da bu istiqamətdə hazırladığı Fəaliyyət Planına uyğun olaraq silsilə tədbirlər həyata keçirir. Xüsusilə “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil olunan seminarlar və Avropa universitetlərində reallaşdırılan təqdimatlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Rektor Anar Nağıyev ali təhsil həyatına qalib dövlətin vətəndaşları olaraq qədəm qoyan məzunlar Zəfər salnaməsinin canlı şahidləri olduqlarlnı bildirib. O, vurğulayıb ki, onların minlərlə həmyaşıdlarının Vətənin bütövlüyü uğrunda şərəfli mübarizəsinə, Zəfər yoluna qədəm qoymasına şahidlik ediblər. Anar Nağıyev qeyd edib ki, bütün şəhidlərimiz kimi, BSU-nun Vətən müharibəsində şəhid olmuş məzunları Nicat Şükürlünün, Kənan Rüstəmlinin, Elnur Allahverdizadənin, antiterror əməliyyatlarının şəhidi Cavid Mirzəyevin qəhrəmanlıq tarixçələri dərin hörmət və ehtiramla yaddaşımıza yazıldı.
Rektor vurğulaylb ki, tələbələrin universitet həyatına təsadüf edən illər Prezident İlham Əliyevin Xankəndidən etdiyi tarixi müraciətin, Xocalıya qayıdışın başlanğıcının və Böyük Qayıdışın təntənəsinin şahid olduğu dövrdür. Bu məzunlar BSU-nun 79 illik tarixində auditoriyalarda Azərbaycanın qələbələrini öyrənən ilk nəsil tələbələr kimi tarixə düşərək, həm şanlı, həm də şanslı bir nəslin nümayəndələridir.
Anar Nağıyev çıxışında bildirib ki, bu gün Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda söz sahibi olan, dünya siyasətinin fəal subyekti kimi çıxış edən, mühüm təşəbbüslərin müəllifi olan bir ölkəyə çevrilib. 2023-cü ilin noyabrında COP29-un Azərbaycanda keçirilməsinin qərara alınması, iqlim təhlükəsizliyi ilə mübarizədə ölkəmizin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi və uğurlu nəticələrə imza atması Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Rektor A. Nağıyev diqqətə çatdırıb ki, 2021–2022-ci tədris ilində universitetin bakalavriat səviyyəsinə 999 nəfər, magistratura səviyyəsinə isə 98 nəfər tələbə qəbul olunub. A.Nağıyev bu göstəricilərin ardıcıl şəkildə artaraq, 2024–2025-ci tədris ilində bakalavriat səviyyəsində 1465 nəfər, magistratura səviyyəsində isə 136 nəfərin qəbuluyla nəticələndiyini bildirib və bu dinamikanın qəbul göstəricilərinin cəmi bir neçə il ərzində 30 faizdən çox artdığını göstərdiyini vurğulayıb.
Rektor çıxışında bildirib ki, hazırda BSU-da 552 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Onlar öz sahəsinin ən yaxşı müəllimləri və güclü mütəxəssisləri olmaqla tələbələrin formalaşmasında mühüm rol oynayırlar. BSU-nun məzunu olmaq hər bir gənc üçün qürurverici hadisədir. Bu qürurun əsasında isə ümummilli lider Heydər Əliyevin 2000-ci ildə universitetin yeni inkişaf mərhələsinə keçidini təmin edən mühüm və tarixi qərar dayanır.
A.Nağıyev qeyd edib ki, BSU müasir dövrün tələblərinə uyğun bir ali təhsil müəssisəsi kimi dinamik inkişaf edir və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub. Belə ki, universitet artıq iki nüfuzlu regional və bir qlobal reytinq siyahısında yer alıb. Tədris olunan ixtisas və dillərin coğrafiyası da sürətlə genişlənir. BSU bu gün Balkanlardan Mərkəzi Asiyaya qədər geniş bir məkanda tanınan ali təhsil müəssisəsinə çevrilib.
Rektor Anar Nağıyev vurğulayıb ki, universitetimiz beynəlxalq “Times Higher Education” reytinqinin davamlı inkişaf məqsədləri üzrə əsas göstəricilərinə görə dünya universitetləri arasında sıralamaya daxil olub. O, bu göstəricilərin gələcəkdə daha da yüksələcəyinə inandığını qeyd edib.
A.Nağıyev nəzərə çatdırıb ki,BSU-nun əsas missiyası milli şüura malik, fundamental biliklərə yiyələnmiş, rəqabətqabiliyyətli, səriştəli, məsuliyyətli, öz peşəsini dərindən bilən, dünya standartları səviyyəsində səmərəli fəaliyyət göstərməyə, ixtisası üzrə peşə hazırlığı səviyyəsini daim artırmağa qadir olan, yaradıcı və innovativ, yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdan ibarətdir.
Rektor BSU-nun inkişafı üçün davamlı dəstəyə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyinə, eyni zamanda universitetə öz dəstəyinii əsirgəməyən gənclər və idman naziri Fərid Qayıbova, inklüziv təhsilin təşkil istiqamətindəki davamlı olaraq BSU ilə tərəfdaşlıq edən Heydər Əliyev Fonduna və “Regional İnkişaf” İctimai Birliyinin rəhbərliyinə,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dost İnklüziv İnkişaf Mərkəzinə, Birgə və Sağlam İctimai Birliyinə, House of Dreams təşkilatına,məktəb layihələrində universitetlə yaxından əməkdaşlıq edən tərəfdaşlara, xüsusilə Avropa Azərbaycan Məktəbinin rəhbərliyinə,həmçinin son illər müxtəlif konfrans və layihələrdə BSU ilə sıx əməkdaşlıq edən Xarici İşlər Nazirliyinin və Energetika Nazirliyinin nümayəndələrinə, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatına, Qərbi Azərbaycan İcmasına, millət vəkillərinə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına öz minnətdarlığını ifadə edib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışı zamanı tələbələri və onların valideynlərini təbrik edərək, tələbələrin formalaşmasında professor-müəllim heyətinin mühüm rol oynadığını vurğulayıb. Fərid Qayıbov Bakı Slavyan Universitetinin məzunlarının ölkəmiz və cəmiyyətimiz üçün layiqli vətəndaşlar, peşəkar mütəxəssislər olacağına əminliyini ifadə edib. O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlara əsasən, müasir gənclərin təhsil almaları üçün müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən əlverişli şərait yaradılır.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev məzunları təbrik edərək onlara öz tövsiyələrini çatdırıb. O, məzunlara gələcək karyeralarında uğurlar arzulayıb.
Albaniya Respublikasının Tirana Universitetinin professoru Dr. Ali Günəş, Gürcüstan Respublikasının Akaki Tsereteli adına Kutaisi Dövlət Universitetinin professoru Şalva Kirtadze videotəqdimat formatında çıxış edərək məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzu ediblər.
Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini məzunları təbrik edərək onlara motivasiya dolu tövsiyələrini çatdırıb. O, çıxışında gənclərə inam və öz güclərinə güvənməyin vacibliyini vurğulayıb
Tədbirdə çıxış edən BSU-nun 2023-2024-cü tədris ili məzunu," Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı " çərçivəsində magistratura təhsilini Birləşmiş Krallığın nüfuzlu Sheffield Universitetində davam etdirən Cavid Novruzov tələbələr üçün yaradılan imkanlara görə BSU-nun rəhbərliyinə təşəkkür edib və məzunlara uğurlar arzulayıb.
Tədbir çərçivəsində universitetin fakültələrinin bayraqlarının təqdimatı keçirilib, " Ən yüksək orta müvəffəqiyyət göstəriciləri ", " İlin tələbəsi ", " Ən yaxşı müəllim " nominasiyaları üzrə fərqlənən məzunlara və müəllimlərə mükafatlar təqdim edilib.
Tədbirdə həmçinin BSU-nun Himni səsləndirilib.
Məzun Gününün rəsmi hissəsi məzunların ənənəvi paradı və papaq atma mərasimi ilə başa çatıb.
Tədbir maraqlı, rəngarəng konsert proqramı ilə davam edib.