Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir.
“İki sahil” xəbər verir ki, ölkənin Sakarya vilayətinin Taraklı rayonundakı meşəlik ərazidə iyunun 27-dən başlayan və Bilecik istiqamətinə yayılan yanğının nəzarət altına alınmasına çalışılır.
Alovun söndürməsi üçün işlər davam etdirilir. Ərazidə 17 yaşayış məntəqəsi təxliyə olunub, kənd və qəsəbələrdə yaşayan 300-dən çox şəxs təhlükəsizlik məqsədilə ərazidən çıxarılıb.
Hazırda yanğına 1 İHA, 4 təyyarə, 11 helikopter, 200-dən artıq yanğınsöndürmə vasitəsi və yüzlərlə işçi heyəti ilə müdaxilə edilir.
Bölgədə bir çox evin yararsız hala düşdüyü, yanğında bəzi heyvanların tələf olduğu bildirilir.
Ölkənin Balıkesir və Manisa vilayətlərində də meşə yanğınları davam edir.
Balıkesirdə əkin sahəsində başlayan yanğın bölgədə əsən küləyin təsiri ilə sürətlə meşəlik əraziyə yayılıb. Burada söndürmə işlərinə 2 təyyarə, 1 helikopter, çox sayda texnika cəlb olunub.
Manisada da meşəlik ərazidə yanğın baş verib. Burada da alov küləyin təsiri ilə böyüyüb. Yanğına havadan 2 təyyarə və 4 helikopterlə, qurudan isə xüsusi texnikalarla müdaxilə edilir.
Qeyd edək ki, dünən Türkiyənin beş bölgəsində meşə yanğını qeydə alınıb. Onlardan bəziləri söndürülüb.