Rusiya vətəndaşları Ermənistandan sığınacaq alan ölkələr arasında ilk üçlükdə yer alıb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, Ermənistanın Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına görə, 2025-ci ildə ölkədən 209 əcnəbi vətəndaş sığınacaq istəyib. Onların əksəriyyəti İran vətəndaşlarıdır. Siyahıda sonrakı yerdə Ukrayna və Rusiya qərarlaşıb.
Xarici ölkə vətəndaşlarının Ermənistana sığınarkən qaçdıqları əsas problemlər bunlardır: siyasi təqiblər, dini təzyiqlər, habelə müxtəlif şəxsi səbəblər.
Qeyd olunur ki, Ermənistanda sığınacaq axtaran yüzlərlə şəxsin az hissəsi bu ölkədəki yeganə xüsusi sığınacaqda yaşayır. Xüsusi sığınacaq 40 nəfər üçün nəzərdə tutulub, lakin müvəqqəti sakinlər daha çoxdur. Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəsmisi Asmik Danielyanın sözlərinə görə, bu gün sığınacaqda 67 nəfər yaşayır, onlardan 56-sı sığınacaq axtaran, 11-i isə qaçqın statusuna malikdir, onlar sadəcə olaraq onlar üçün nəzərdə tutulan mərkəzlərə, sosial evlərə, yaşayış evlərinə yerləşdirilməyiblər. Onların azyaşlı uşaqları olduğu üçün qanunla onları sığınacaqdan çıxarmaq olmaz.