2 İyul - Azərbaycan Polisi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin Nərimanov Rayon Polis İdarəsinə ekskursiyası təşkil edilib.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir çərçivəsində 1, 2 və 3 saylı uşaq evlərinin 20 sakini polis əməkdaşlarının gündəlik iş fəaliyyəti ilə tanış olub, idarənin müxtəlif bölmələrini gəziblər. Onlara hüquq-mühafizə orqanlarının işi, asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Ekskursiya zamanı uşaqlarla söhbətlər aparılıb, onların sualları cavablandırılıb. Gələcəkdə polis olmaq istəyən uşaqlara bu peşə barədə tövsiyələr verilib.
Görüş uşaqların sosial inkişafına dəstək olmaq, müvafiq sahə ilə bağlı biliklərini artırmaq və cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyıb.