Psixoloq gənclər arasında münasibətlərin niyə bu qədər çətinləşməsinin səbəblərini izah edib
Bu gün gənclər arasında münasibətlər niyə bu qədər mürəkkəb və gərgin görünür? Kişilərin qadınlara qarşı artan inamsızlığı, qadınların ailədə rəhbər olmaq istəyi, dəyişən qadın obrazı və getdikcə silinən mental dəyərlər bütün bu suallar bizi bir nöqtəyə aparır: Münasibətlərdə güvən və rollar niyə dəyişir?
Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “İki sahil” TV-yə müsahibəsində bu dəyişikliklərin psixoloji və sosial səbəblərinə aydınlıq gətirdi.
-Aytən xanım, bugünkü gənc oğlanlarda qızlara qarşı artan inamsızlığın kökündə hansı psixoloji və sosial faktorlar dayanır?
-Gənc oğlanlarda qızlara qarşı artan inamsızlıq, təkcə fərdi travmaların və ya şəxsi təcrübələrin nəticəsi deyil, eyni zamanda, cəmiyyətin formalaşdırdığı sosial mühitin və informasiya axınının yaratdığı psixoloji təzyiqin nəticəsidir. İlk növbədə, müasir dövrdə münasibətlərə dair gözləntilər və standartlar çox dəyişib. Sosial şəbəkələrdəki “ideallaşdırılmış” həyat tərzi, saxta münasibət obrazları, görünüş və status üzərində qurulan əlaqələr kişilərdə qadınlara qarşı daha ehtiyatlı, şübhəli və bəzən də qoruyucu davranışlara səbəb olur. Eyni zamanda, kişilər arasında bu inamsızlığın formalaşmasında erkən yaşdan onlara aşılanan gender rolları və “kişilik” anlayışı da mühüm rol oynayır. Onlardan daim güclü, nəzarətçi və emosiyalarını gizlədən tərəf olmaları tələb edilir. Bu isə münasibətlərdə açıq dialoqu və qarşılıqlı anlaşmanı çətinləşdirir. Gənc oğlanlar özünü ifadə edə bilmədikdə və qarşı tərəfin niyyətini tam anlamadıqda, bu, zamanla güvənsizlik hissinə çevrilir. Digər tərəfdən, bəzi hallarda ailədə, yaxın çevrədə və ya əvvəlki münasibətlərdə yaşanmış xəyanət və ya emosional travmalar da inamsızlığın əsasını təşkil edir. Xüsusilə də mediada tez-tez yayılan aldadılma və xəyanət mövzulu məlumatlar bu qorxuları daha da dərinləşdirir.
Beləliklə, kişilər özlərini qorumaq üçün münasibətlərə emosional məsafə ilə yanaşmağa və qarşı tərəfdə daim şübhə axtarmağa meyilli olurlar. Bütün bu amillər nəticəsində bugünkü gənc oğlanlarda formalaşan inamsızlıq təkcə qadınlara qarşı deyil, ümumiyyətlə, münasibət qurmağa və bağlılıq yaratmağa qarşı bir narahatlıq və qorxuya çevrilir. Bu isə sağlam münasibətlərin yaranmasını çətinləşdirir və şəxsi inkişafın qarşısını alır. Problemin həlli isə ilk növbədə emosional savadlılığın artırılması, gender bərabərliyi mövzusunda maarifləndirmə və ailə daxilində sağlam ünsiyyət nümunələrinin qurulmasından keçir.
-Qadınların ailə içində dominantlıq istəyi ilə psixoloji ehtiyac arasında fərq necə qoyulur? "Mən idarə etməliyəm" düşüncəsi hansı uşaqlıq travmalarından və ya ailə modelindən qaynaqlana bilər?
-Qadının ailə içində dominant olmaq istəyi ilə onun psixoloji ehtiyacları arasındakı fərqi ayırd etmək üçün ilk növbədə davranışın arxasındakı motivasiyanı anlamaq lazımdır. Bu, sadəcə idarə etmək arzusu, nəzarəti əlində saxlamaq istəyi deyil, bəzən çox daha dərin bir ehtiyacın-təhlükəsizlik, dəyərli olmaq və qəbul edilmək istəyinin ifadəsidir. “Mən idarə etməliyəm” düşüncəsi çox vaxt uşaqlıqda yaşanmış emosional çatışmazlıqlardan, nəzarətsiz və xaotik ailə mühitindən qaynaqlanır. Əgər uşaq ikən çevrəsindəki böyüklər etibarsız olubsa, məsələn, valideynlər arasında münaqişələr, atanın ailədən uzaq olması və ya ananın daim gücsüz, aciz rolda olması müşahidə edilibsə bu uşaqda belə bir mesaj formalaşır: “Yalnız özümə güvənə bilərəm, hər şeyi mən idarə etməliyəm, əks halda dağılıram.” Həmçinin valideynin, xüsusilə də ananın öz övladını “kiçik dost”, “məsləhətçi”, “dayaq” kimi görməsi, yəni, onu yaşına uyğun olmayan məsuliyyətlərə cəlb etməs qız uşağında erkən yaşdan “Mən cavabdehəm” rolunu formalaşdırır. Bu isə sonrakı həyatda münasibətlərdə bərabərlik yerinə nəzarət ehtiyacı ilə müşayiət olunan dominant davranışlara gətirib çıxarır. Bəzən də qadının dominantlığı sadəcə özünü qoruma mexanizmidir. Əgər o, emosional olaraq dəfələrlə travma alıbsa və ya bir zamanla qərar vermək imkanından məhrum olubsa, onda sonrakı münasibətlərdə idarəetməni əlində saxlamaqla özünü təhlükədən qorumağa çalışır. Çünki nəzarət onun üçün güvən və sabitlik deməkdir. Burada əsas məsələ budur ki, qadının dominant davranışı əslində “güclü olmaq” deyil, çox vaxt “zəiflik göstərməyə qorxu”dan doğur. Bu fərqi anladıqda həmin qadının əslində nəzarət etməyə deyil, emosional təhlükəsizliyə ehtiyacı olduğu görünür. Psixoloji müdaxilə zamanı bu davranışın kökündə duran travmalarla işləmək, qadının daxili güvənini bərpa etmək və münasibətlərdə sağlam sərhədləri formalaşdırmaq əsas məqsədlərdən biri olur.
-Mental dəyərlərin silinməsi əslində azadlıqdırmı, yoxsa istiqamətsizləşmə? Gənclər bu sərhədsizliklə nə edəcəyini bilirmi?
-Bu məsələ çox mürəkkəb və çoxşaxəlidir. Bu prosesə psixoloji baxımdan yanaşdıqda onu təkcə azadlıq və ya istiqamətsizləşmə kimi qruplaşdırmaq düzgün olmaz. Əslində, mental dəyərlər insanın şəxsiyyətini, dünyagörüşünü və davranış modelini formalaşdırır. Onların dəyişməsi və ya zəifləməsi həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər. Bir tərəfdən, müəyyən dərəcədə köhnəlmiş, məhdudlaşdırıcı və stereotipik dəyərlərdən azad olmaq gənclərə yeni fikirlərə açıq olmaq, fərdi azadlıq və seçim imkanlarını genişləndirmək şansı verir. Bu, onların şəxsiyyət inkişafı və özünüifadəsi üçün vacibdir.
Digər tərəfdən, əgər mental dəyərlər tamamilə itirilsə və ya əvəzində aydın və stabil bir dəyər sistemi qurulmazsa, bu, istiqamətsizliyə, mənəvi boşluğa və qarışıqlığa gətirib çıxara bilər. Gənclər bu vəziyyətdə öz kimliklərini tapmaqda, həyat məqsədlərini müəyyən etməkdə çətinlik çəkə, daxili narahatlıq və stress yaşaya bilərlər. Nəticədə, mental dəyərlərin dəyişməsi prosesində balansın qorunması önəmlidir. Gənclərin sərbəst düşüncə və seçim azadlığı təmin edilməli, eyni zamanda onlara möhkəm, universal insan prinsipləri əsasında formalaşan dəyər sistemi təqdim olunmalıdır ki, onlar həm azad olsunlar, həm də həyatlarında sabit istiqamət və mənəvi dayaq tapa bilsinlər.
-Stress və maddi çətinliklər evlilik münasibətlərinə necə təsir edir və bu vəziyyətlərdə nə etmək lazımdır?
-Stress və maddi çətinliklər evlilik münasibətlərinə ciddi təsir göstərə bilər. Çünki onlar həm fərdi, həm də cütlük səviyyəsində emosional gərginliyi artırır. Maddi problemlər ailədə narahatlıq, qeyri-müəyyənlik və gələcəyə dair qorxular yaradır ki, bu da tərəflərin bir-birinə olan etibarını və duyğusal yaxınlığını zəiflədə bilər. Stress isə insanın özünü idarəetmə qabiliyyətini azaldır, səbirsizlik və anlaşılmazlıqların yaranmasına şərait yaradır, nəticədə münaqişələrin sayı və şiddəti arta bilər. Belə vəziyyətlərdə ilk növbədə cütlüklərin açıq və dürüst ünsiyyət qurması vacibdir. Bir-birinin hisslərini, narahatlıqlarını dinləmək və qarşılıqlı dəstək göstərmək münasibətlərin möhkəmlənməsinə kömək edir. Maddi çətinlikləri birlikdə planlamaq, prioritetləri müəyyənləşdirmək və həll yolları üzərində birgə düşünmək ailədə həmrəylik hissini gücləndirir.
Eyni zamanda, streslə başa çıxmaq üçün fərdi olaraq da emosional resursların qorunması, məsələn, rahatlama texnikaları, idman və ya psixoloji dəstək almaq önəmlidir.
-Evlilikdə hər iki tərəfin fərdi azadlığının qorunması münasibətlərə necə təsir edir?
-Bu məsələ sağlam və balanslı münasibətlərin vacib şərtlərindən biridir. Cütlüklərin bir-birinə yaxınlığı, birlik hissi nə qədər vacibdirsə, onların şəxsi sərhədlərinin tanınması və hörmətlə qarşılanması da bir o qədər önəmlidir. Psixoloji baxımdan fərdi azadlıq insanın öz maraqları, hobbiləri, dostluq münasibətləri və şəxsi inkişafına vaxt ayıra bilməsi onun daxili rahatlığını və emosional sabitliyini təmin edir. Bu isə dolayısı ilə münasibətə də pozitiv təsir göstərir. Əksinə, tərəflərdən birinin özünü sıxılmış, nəzarət altında və ya azadlığını itirmiş hiss etməsi münasibətlərdə gərginlik, inciklik və emosional uzaqlaşma yarada bilər. Bu vəziyyət bir müddət sonra passiv aqressiya, ünsiyyətin pozulması və hətta ayrılığa qədər gedib çıxa bilər. Fərdi azadlığın qorunması tərəflərin bir-birindən uzaqlaşması demək deyil. Əksinə, bu, qarşılıqlı hörmətin və inamın göstəricisidir. Hər iki tərəf öz şəxsi məkanına sahib olduqda və bu məkan münasibət daxilində təbii şəkildə tanındıqda, insanlar özlərini daha dəyərli qəbul olunmuş və azad hiss edirlər. Bu da münasibətlərdə daha sağlam emosional bağlantı yaradır. Eyni zamanda, azadlığın sərhədləri aydın şəkildə müəyyən olunmalıdır. Yəni, cütlüklər hansı sahələrdə birlikdə qərar verməli, hansı sahələrdə isə fərdi qərar hüququna malik olduqlarını qarşılıqlı şəkildə razılaşdırmalıdırlar. Bu balans bir tərəfdən əlaqənin güclü olmasını, digər tərəfdən isə fərdin daxili bütövlüyünün qorunmasını təmin edir. Azadlıq və yaxınlıq bir-birinə zidd deyil, doğru şəkildə tarazlaşdırıldıqda onlar bir-birini gücləndirən iki sütundur.
-Aytən xanım, münasibətlərin sağlam və hörmətə əsaslanan şəkildə qurulmasında valideynlərin münasibət nümunəsinin rolu nə qədər önəmlidir və bu nümunə gələcək münasibətlərə necə təsir göstərir?
-Evlilik münasibətlərində qarşılıqlı hörmətin bünövrəsini qoyan ən əsas faktorların biri cütlüyün valideyn nümunəsindən aldığı təsirlərdir. Hər bir insanın münasibətlər haqqın ilkin anlayışı və münasibət qurma bacarığı ailə mühitində, valideynlərinin bir-birinə münasibətindən formalaşır. Bu nümunə sadəcə uşaqlıq dövrü üçün deyil, gələcəkdə evlilik münasibətlərinin keyfiyyəti üçün də əsas göstəricidir. Valideynlərin bir-birinə qarşı göstərdiyi hörmət, anlayış, dəstək və qarşılıqlı ehtiram cütlüklər üçün bir növ “emosional xəritə” rolunu oynayır. Bu xəritə onların gündəlik münasibətlərində necə davranacaqları, konfliktlərin öhdəsindən necə gələcəkləri, fikir ayrılıqlarını necə idarə edəcəkləri və bir-birinə necə yaxınlaşacaqları barədə dolğun istiqamət verir. Əgər valideynlər münasibətlərində bir-birinin sərhədlərinə hörmətlə yanaşıb, ünsiyyətdə empatiya göstəribsə, cütlüklər də eyni nümunə əsasında münasibətlərində hörmətin vacibliyini dərk edir, bunu təcrübəyə çevirir. Digər tərəfdən, valideynlər arasında hörmətsizlik, tənqid, soyuqluq və ya hətta zorakılıq müşahidə edən insanlar evlilikdə hörmətin nə olduğunu, onu necə ifadə etməli olduqlarını bilməyə bilər və ya yanlış modellər əsasında qurmağa çalışarlar. Bu, münasibətlərdə davamlı gərginlik, anlaşılmazlıq və emosional uzaqlaşmaya gətirib çıxara bilər. Məsələn, belə cütlüklərdə bir tərəf öz fikrini ifadə etməkdən qorxar, digəri isə hakimiyyət və ya nəzarət vasitəsilə münasibətləri idarə etməyə çalışar. Bu, qarşılıqlı hörmətin yoxluğu ilə nəticələnir və uzun müddətdə münasibətlərin pozulmasına səbəb olur. Qarşılıqlı hörmət, sadəcə xoş sözlər deyil, hər iki tərəfin fikrinin dinlənilməsi, emosional ehtiyaclarının qəbul edilməsi və fərdi sərhədlərə hörmətlə yanaşılması deməkdir. Valideyn nümunəsi bu sahədə cütlüklərə davranış kodeksi yaradır. Məsələn, problemlər yarananda sakit və açıq dialoqla, bir-birinin fikrinə hörmətlə yanaşmaq, tənqid etmək yerinə dəstəkləyici olmaq, qarşı tərəfi aşağılamaqdan qaçmaq və.s
Bu nümunə, həmçinin münasibətlərdə hörmət və sevginin bir-birindən ayrılmaz olduğunu göstərir. Valideynlərinin bir-birini dəyərli və bərabər tərəfdaş kimi görməsi cütlüklərin öz aralarında da qarşılıqlı hörmət əsasında sevgi və bağlılıq qurmasına zəmin yaradır. Hörmət olmadan sevgi uzun müddət davam etməz, sevgi isə hörmətsizliyi aradan qaldırmaq üçün motivasiya verə bilməz.
Səbinə Qorxmaz "İki sahil"