02 iyul 2025 22:09
132

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açılıb

Azərbaycan Güləş Federasiyası (AGF) maddi-texniki bazanın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“İki sahil” xəbər verir ki,  AGF-dən verilən məlumata görə, bu çərçivədə növbəti addım atılıb. AGF-nin yeni təlim-məşq bazası istifadəyə verilib. Xətai rayonu, Natiq Əliyev küçəsi 92 ünvanında yerləşən güləş mərkəzi yeniyetmə sərbəst güləşçilərin ixtiyarına verilib. Təlim-məşq bazası inventarla tam şəkildə təmin edilib. 315 kvadratmetr ərazisi olan güləş mərkəzində məşqçi və fitnes otaqları, qazanxana, məşqçilər və idmançılar üçün sanitar qovşağı mövcuddur.

Bu gün federasiyanın yeni təlim-məşq bazasının açılış mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin, AGF rəsmiləri və məşqçilər iştirak edib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, AGF-nin vitse-prezidenti Namiq Əliyev, AGF-nin İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, AGF-nin baş katibi Nəsimi Musayev, eləcə də sərbəst güləş üzrə U17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək ürək sözlərini çatdırıb, yeni bazanın sərbəst güləşimizin inkişafına böyük təkan verəcəyini bildiriblər.

Mərkəzdə son illər beynəlxalq arenalarda qazandıqları uğurlarla diqqət cəlb edən U15 və U17 milli komandaların təlim-məşq prosesləri keçiriləcək.