03 iyul 2025 09:52
115

Altı ay ərzində neçə tibb müəssisəsində nöqsanlar aşkarlanıb ? - AÇIQLAMA

2025-ci ilin ilk altı ayı ərzində ümumilikdə 172 tibb müəssisəsində yoxlama aparılıb. Bunlardan 111-i planlı, 61-i isə plandankənar olub.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalar nəticəsində, planlı yoxlamalar zamanı 49 müəssisədə, plandankənar yoxlamalar zamanı isə 20 müəssisədə nöqsanlar aşkarlanıb:

"Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunaraq müvafiq instansiyalara təqdim edilib.
Aşkarlanmış əsas nöqsanlar aşağıdakılardır:
1. Lisenziyasız tibbi fəaliyyət göstərilməsi;
2. Sertifikatsız olaraq özəl tibbi xidmət göstərilməsi;
3. Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin istifadəsi;
4. Lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olunması;
5. İxtisası və sertifikatı olmayan şəxslərin tibbi fəaliyyətdə iştirakı;
6. Tibb müəssisələrində çalışan mütəxəssislərin ixtisaslarına uyğun vəzifələrə təyin olunmaması;
7. Tibb mütəxəssislərinin əmək münasibətlərinin rəsmi müqavilə ilə tənzimlənməməsi;
8. Tibbi sənədləşmənin və qeydiyyatların aparılmaması".

"Əgər özəl tibb müəssisələrində qeyri-qanuni fəaliyyət və ya şübhəli hallarla qarşılaşırsınızsa, bu barədə Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə məlumat verə bilərsiniz:
“Bir pəncərə” sektoru, Qaynar xətt: (012) 596 05 20, E-mail: [email protected], Rəsmi veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi)",- deyə məlumatda qeyd edilib.