04 iyul 2025 10:45
114

Zərərçəkmiş barışığa sövq edilə bilməz

Mövzu ilə bağlı “İki sahil”ə danışan AQUPDK-nın nümayəndəsi  qanunvericilikdəki yenilikləri və real vəziyyəti şərh edib

Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində hüquqi və institusional mexanizmlər ildən-ilə təkmilləşdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nəzdində, eləcə də yerli icra hakimiyyəti orqanları yanında yaradılan monitorinq və əlaqələndirmə qrupları tərəfindən bu sahədə mühüm işlər görülür. “İki sahil”in sorğusuna cavabında AQUPDK-nın Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məişət zorakılığı ilə mübarizə tədbirləri, qəbul edilən normativ aktlar və hazırda görülən işlər barədə geniş açıqlama verdi.

İradə Məmmədova bildirdi ki, məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılmışdır. Monitorinq və əlaqələndirmə qrupları mərkəzi səviyyədə Dövlət Komitəsi yanında, yerli səviyyədə isə icra hakimiyyəti orqanları yanında formalaşdırılmışdır. Monitorinq və əlaqələndirmə qrupları tərəfindən həyata keçirilən sosial tədbirlər içərisində zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun keçirilməsi vardır. Həmçinin zərər çəkmiş şəxslərin sosial müdafiəsinin təşkili, onlara müvafiq sənədlərin və ya qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi, zərər çəkmiş şəxslərə təhsilin davam etdirilməsində, işlə təminatda, yeni peşələrə yiyələnməkdə kömək edilməsi, dövlət vəsaiti hesabına tibbi yardımın göstərilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Məişət zorakılığı halları üzrə bölgələr üzrə toplanmış statistik göstəricilərə nəzər salan qurum nümayəndəsi vurğuladı ki,  Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2023-cü il ərzində 560 müraciət, 2024-cü il ərzində 594 müraciət, 2025-ci ilin dörd ayı ərzində 160 müraciət daxil olmuşdur. 2025-ci ilin 4 ayı ərzində daxil olan müraciətlərə əsasən, ən çox Bakı rayonları üzrə Sabunçu-17, Abşeron-Xızı üzrə Abşeron-13, Gəncə-Daşkəsən üzrə Gəncə şəhərindən-8 müraciət olmuşdur. Daxil olan hər bir müraciət nəzarətə götürülür, zərərçəkmiş şəxslərə dəstək məqsədilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur.

Komitənin bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərindən bəhs edən İradə Məmmədova diqqətə çatdırdı ki,  “Məişət zorakılılğının qarşısının alınması haqqında” Qanun 2010-cu ildə qəbul olunmuşdur: “Ölkə rəhbərinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planı müvafiq sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımlarla təmin edilməsi məqsədini daşıyırdı. 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı uğurla həyata keçirilmişdir. Hazırda aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla 2-ci “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanır. Milli Fəaliyyət Planının istiqamətlərindən biri məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır. Ümumən 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişikliklər edilmişdir. Mühüm dəyişikliklərdən biri məhz “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun əhatə etdiyi subyektlərin dairəsinin genişləndirilməsidir. Bu məqsədlə Qanunun şamil edildiyi şəxslər dairəsinə ər və arvadın yaxın qohumları da əlavə edilmişdir. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardım göstəriləcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyul 2024-cü il tarixli 356 nömrəli Qərarı ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” təsdiq edilmişdir.

Qısamüddətli mühafizə orderlərinin verilməsi ilə bağlı qaydalar dəyişilmişdir. Artıq məişət zorakılığı ilə bağlı müraciət daxil olduqda bu cür hərəkətləri törətmiş şəxsə yazılı xəbərdarlığın edilməsi və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderinin  verilməsi imperativ şəkildə tənzimlənir. Dəyişikliklərdən digəri qısamüddətli mühafizə orderinin 30 gün deyil, 60 gün müddətinədək verilməsidir. Yeni dəyişikliyə əsasən, uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək veriləcək.

Həmçinin zərər çəkmiş şəxsin zorakılığı törədən şəxslə barışığa sövq edilməsi aktuallığını itirmişdir, Qanunun 7.0.4–cü və 8.0.8-ci maddələrindən “ailədə münasibətlərin bərpa olunmasına” sözləri  çıxarılmışdır.

Yetkinlik yaşına çatmayan məişət zorakılığından zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olduqda onlar təcili valideynlərindən və ya onları əvəz edən şəxslərdən alınacaq. Belə ki, uşaq hüquqlarının müdafiəsi istənilən sahədə əsas prioritet olduğundan məişət zorakılığından zərər çəkmiş ən həssas şəxslər kateqoriyasından biri kimi yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi qanunvericinin diqqətindən kənarda qalmamış, 8.0.7-ci maddəyə Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, yəni uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda onun valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması sözləri əlavə edilərək, aidiyyəti qurumlar üzərinə yeni vəzifə qoyulmuşdur.

Həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna edilən ən mühüm dəyişikliklərdən biri də bu sənədə yeni 16.2.4-1 maddəsinin əlavə olunmasıdır. Məişət zorakılığının qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlər içərisinə ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi müddəası əlavə olunmuşdur. Bununla da Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa da mühüm dəyişiklik edilmişdir.

Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin təkrar pozulması yeni inzibati xəta tərkibi yaradacaqdır. İnzibati tənbeh aldıqdan sonra müvafiq hüquq pozuntusu törətmiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 (bir) il ərzində təkrar törədilməsi hüquqa zidd əməl kimi İnzibati Xətalar Məcəlləsində 158-ci maddəyə əlavə olunmuşdur.

Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında 30 iyul 2024-cü il tarixli 367 nömrəli Qərar qəbul edilmişdir.

Qeyd olunan dəyişikliklərlə yanaşı, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Qanunda Azərbaycan Respublikasının Ailə, Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əks olunmuşdur.

Hazırda məişət zorakılığının qarşısının alınması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi prosesi davam edir. 2025-ci ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

AQUPDK-nın nümayəndəsi bildirdi ki, Milli Fəaliyyət Planının digər istiqaməti məişət zorakılığından zərər çəkmiş şəxslərin  yardım mərkəzləri və sığınacaqlarla təmin olunmasıdır. Hazırda ölkə ərazisində məişət zorakılığından zərər çəkmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçmiş səkkiz qeyri-dövlət yardım mərkəzi mövcuddur, onlardan altısı həmçinin sığınacaq xidməti göstərir. Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi" 2017-ci ildə fəaliyyətə başlamışdır. 2021-ci ildən etibarən Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya şöbəsi  fəaliyyətə göstərir.

Məişət zorakılığına qarşı mübarizə təkcə hüquqi mexanizmlərlə deyil, həm də ictimai şüurun formalaşdırılması, insan hüquqlarının qorunması və dəstək sistemlərinin genişləndirilməsi ilə mümkündür. Dövlətin bu sahədə atdığı ardıcıl addımlar göstərir ki, zorakılığa qarşı susmaq yox, bu prosesə müdaxilə etmək zamanıdır. Unutmaq olmaz ki, hər bir fərdin təhlükəsizliyi cəmiyyətin bütövlükdə rifahına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”