04 iyul 2025 13:59
177

Media subyekti üçün ad başlıca şərtdir - Elnarə Akimova

“Bizim bu gün müzakirə etdiyimiz Qanun layihəsi bilavasitə media ilə, mətbuatla bağlıdır və ən əvvəl onu qeyd edim ki, müzakirənin keçirilməsi üçün seçilən vaxt çox rəmzi və simvolikdir. Bu ay Azəryacanda milli mətbuatın yaranmasının 150 ili tamam olur və müzakirə etdiyimiz məsələnin mahiyyəti bu 150 ildə Azərbaycan zehniyyətinin necə vüsətlə inkişaf etdiyini təsdiqləyir.”

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova "Media haqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsində deyib.

Deputat bildirib ki, müzakirənin keçirilməsi üçün seçilən vaxt çox rəmzi və simvolikdir: “Media subyektlərinin (redaksiyaların) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.”

E.Akimova qeyd edib ki, Qanun layihəsindəki bu paraqraf həm media subyektlərimizin adlarındakı monotonluğu ortadan qaldacaq, həm də onların ideya istiqamətlərinin aydınlaşnasına, media sübyektlərinin ənənəvi missiyasının qorunub saxlanmasına rəvac verəcək: “Çünki media subyekti üçün ad başlıca şərtdir. Ənənəvi missiya deyəndə mən nəyi nəzərdə tuturam? Fransız sosioloqu Tarde, bildirirdi ki, qəzet milli vicdanı yaradır və cəmiyyəti həmin milli vicdanın ətrafında cəmləşdirir, onun bir millət olaraq bütövləşməsini təmin edir. Doğrudur, medianın əsas vəzifəsi informasiya ötürmək olsa da, o, hər şeydən əvvəl sağlam milli təsəvvürlərin gəlişməsini təmin etməlidir. Bu mənada xatırlatmaq xoşdur ki, bizim ilk mətbu orqanımız olan “Əkinçi”nin adı əslində, əkinçilik problemindən daha çox kültür, mədəniyyət, milli kimlik anlayışlarını ehtiva edirdi. Yaxud ötən əsrin əvvəllərində sırf estetik planda olan məsələlər, elə sırf estetik bir ünvanda intişar tapırdı. Məsələn, “Füyuzat” feyzlərin cəmi, daha doğrusu, estetik feyzlərin cəmi, toplusu demək idi və bu günkü cəmiyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin estetik əyarı elə ötən əsrin əvvəllərində həmin jurnal vasitəsi ilə yaradılırdı. Qanun layihəsinə əlavə edilmiş 61.2 maddəsi yenidir. Mətbuatın sorumluluğunu artırmaq baxımından önəmlidir və Azərbaycan mətbuatının beynəlxaq miqyasda və arenada daha əzmlə təşəkkül tapmasına zəmin yaradacaq. İnformasiya agentliyinin ən azı 5 xarici ölkədə jurnalist akreditasiyasının olması isə mövcud şərtlərin bəlkə də ən önəmlilərindəndir və yaxşı ki, Qanuna belə bir maddə əlavə olunur.”

E.Akimova vurğulayıb ki, Mirzə Bala Məmmədzadə İstiqlal bəyannaməsini şərh edərkən məfkurə tariximizin üç mərhələsini - məfkurəyə hazırlıq dövrü, məfkurə uğrunda mücadilə dövrü, məfkurənin həyata tətbiq edilməsi dövrünü xatırladır və fikrini belə davam etdirirdi: "Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi əlli il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də əlli il sonra meydana gələcəkdi". Müzakirə olunan Qanun layihəsi milli məsələdir. Hər şeydən əvvəl ona görə ki, mətbuatla bağlıdır. Kim etiraf etməz ki, Azərbaycanda milli özünüdərk prosesinin təşəkkülü, Azərbaycanın dövlət müstəqilliyinin varlığı Azərbaycan mətbuatına  borcludur. Dünya mədəniyyətinə çıxışımız da milli mətbuatın hesabına mümkün olmuşdur. Bu mənada XX yüzilin əvvəllərində Azərbaycan mətbuatı həm ədəbiyyatın, həm də cəmiyyətin istiqamətini müəyyənləşdirir, milli şüurun, eləcə də estetik zövqün gəlişməsini təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz, sərhədlərimiz, ordumuz, dövlətimiz olmadığı üçün bütün boşluqları, təbii ki, Azərbaycan mətbuatı doldururdu. Mən bir daha vaxtına və zamanına müvafiq gəldiyi üçün media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat günü, mətbuatımızın 150 illik yubileyi ərəfəsində salamlayıram.”