07 iyul 2025 12:38
159

Yerli istehsalın təşviqi fermerlər üçün NƏ VƏD EDİR?

Ölkəmizdə aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Bu səbəbdən ki, kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyinin təminatçısı deyil, həm də regionların sosial-iqtisadi inkişafının, məşğulluğun artırılmasının və innovativ texnologiyaların tətbiqinin mühüm platformasıdır. Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb. Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb.

Azərbaycanda aqrar sahənin inkişafı həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yüzlərlə müasir aqroparklar, emal müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb, ixrac olunan məhsulların həcmi genişlənib.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik ailə təsərrüfatlarından iri aqroparklaradək bütün subyektlərin dəstəklənməsi əsas prioritetlərdəndir. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.

Aqrar biznes festivalı ilk dəfə Ağalıda

Azərbaycanın müxtəlif bölgələrində kənd təsərrüfatı məhsullarının tanıdılması, yerli istehsalın təşviqi və regionlarda aqrar sahibkarlığın inkişafı məqsədilə aqrar biznes festivalları təşkil olunur.Bu tədbirlər həm fermerlər, həm də istehlakçılar üçün faydalı platforma rolunu oynayır.

Bu günədək 70-ə yaxın bölgədə təşkil edilən aqrar biznes festivalları yerli əhalinin, sahibkarların və turistlərin böyük marağına səbəb olub.

Bir faktı da vurğulamaq yerinə düşər ki, işğaldan azad olunmuş bölgələrdə aqrar biznes festivalı ilk dəfə olaraq Zəngilan rayonunun Ağalı kəndində keçirilib. Festival işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək məqsədi daşıyıb. Festival çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı məhsulları və texnologiyaları sərgilənib. Fermerlərə müasir suvarma sistemləri, innovativ texnologiyalar, məhsuldarlığı artıran həllər barədə məlumatlar təqdim edilib. Festivalda, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti dövlət qurumları və özəl müəssisələr tərəfindən panel müzakirələr, maarifləndirici sessiyalar təşkil olunub. Belə bir tədbirin keçirilməsi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına mühüm töhfə olacaq.

Regionların potensialı nümayiş olunur

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq. Hər bir bölgə özünəməxsus kənd təsərrüfatı məhsulları ilə seçilir və bu tədbirlər həmin məhsulların daha geniş tanıdılmasına, bazara çıxarılmasına şərait yaradır.

Ziyarətçilər festivallarda təbii və keyfiyyətli məhsulları birbaşa istehsalçılardan əldə etməklə yanaşı, onların istehsal prosesi, saxlanma şəraiti və faydaları barədə də ətraflı məlumat alırlar. Bu da istehlakçının seçim imkanlarını genişləndirir və yerli məhsullara olan inamı artırır.

Fermerlərə dəstək və maarifləndirmə

Tədbirlər çərçivəsində keçirilən seminar, panel və təqdimatlarda aqrar sahədə çalışan insanlar müasir texnologiyalar, gübrələmə, damcı suvarma sistemləri, ekoloji təmiz məhsul istehsalı, kənd təsərrüfatı sığortası və digər mühüm mövzularda məlumatlandırılır. Fermerlər üçün təşkil olunan bu maarifləndirici sessiyalar onların bilik və bacarıqlarının artırılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verir.

Bundan əlavə, tədbirlərdə aqrar texnika və innovativ kənd təsərrüfatı avadanlıqları nümayiş olunur. Yeni texnoloji imkanlarla tanış olan fermerlər məhsuldarlığı artırmağa və istehsalat xərclərini azaltmağa yönəlik yeni yollar kəşf edirlər.

Aqrar biznes forumları: Tərəfdaşlıq imkanları

Festivallar çərçivəsində təşkil olunan aqrar biznes forumları, işgüzar görüşlər və sərgilər fermerlərlə tədarükçülər, emalçılar, ixracatçılar və investorlara birbaşa əlaqə qurmaq imkanı yaradır. Bu cür platformalar kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə, yeni biznes modellərinin tətbiqinə təkan verir.

Xüsusilə gənc sahibkarlar və qadın fermerlər üçün xüsusi proqramlar nəzərdə tutulur. Onlara biznes planlaşdırılması, maliyyə savadlılığı və satış strategiyaları barədə təlimlər keçirilir.

Mədəni irs və milli proqram

Festivallar yalnız ticarət və işgüzar məqsədlərlə məhdudlaşmır. Regionların mədəni irsi, milli adət-ənənələri, folklor nümunələri, əl işləri və kulinariya mədəniyyəti də bu tədbirlərin ayrılmaz hissəsidir. Festival iştirakçıları həm milli mətbəxin dadına baxır, həm də yerli sənətkarların əl işləri ilə tanış olur, kənd həyatının rəngarəngliyini birbaşa yaşayır.

Dövlət dəstəyi və inkişaf strategiyası

Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən bu festivallar dövlətin aqrar sektorda inkişaf strategiyasının tərkib hissəsidir. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, əsas məqsəd kənd yerlərində iqtisadi aktivliyi artırmaq, fermerlərin satış imkanlarını genişləndirmək və kənd təsərrüfatı məhsullarını daxili və xarici bazarlarda tanıtmaqdır.

Tədbirlərdə iştirak edən dövlət qurumları fermerlərə subsidiyalar, kredit imkanları və aqrar sığorta mexanizmləri barədə də məlumat verir. Bu isə fermerlərin dövlət proqramlarından daha səmərəli yararlanmasına şərait yaradır.

Xarici bazarlara çıxış üçün mühüm amil

Bu cür festivalların davamlı təşkil olunması, daha geniş coğrafiyanı əhatə etməsi və beynəlxalq iştirakla zənginləşdirilməsi yaxın illər üçün nəzərdə tutulan əsas məqsədlər sırasındadır. Eyni zamanda, ixracyönümlü məhsulların tanıdılması və xarici bazarlara çıxışı üçün bu tədbirlərin mühüm rol oynaması gözlənilir.

Azərbaycanın regionlarında keçirilən məhsul festivalları təkcə yerli məhsulların təbliği deyil, həm də kənd həyatının dirçəlməsi, sosial-iqtisadi inkişaf və milli irsin qorunması baxımından əhəmiyyətli təşəbbüsdür.

Orxan Vahidoğlu, “İki sahil”