07 iyul 2025 16:51
149

Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyi daha da möhkəmlənir

Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi davamlı uğurlarında öz sözünü deyir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxaalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək səviyyədədir. Türk dünyasının birliyi xarici siyasətimizdə xüsusi yer tutur. Dünya hər zaman atılan addımların fonunda  türk ailəsinin həmrəyliyinin şahidi olur.

Tarixi Zəfərimiz birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlarda biri-birinə dəstək diqqətdən kənarda qalmır. İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin  ölkəmizə dövlət səfəri münasibətlərimizin dünəninə, bu gününə və perspektivlərə baxışı bir zərurət kimi qarşıya qoydu.  İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqlədi. İki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələdə inkişaf edir.

Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə kimi xarakterizə edilir. Hər iki ölkəni tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşdirilib.

 Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk. O da vurğulandı ki,  gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. İnfrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq.

 Göründüyü kimi, dərin köklərə malik olan Azərbaycan-Özbəkistan qardaşlığının, dostluğunun daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. İmzalanan hər bir sənəd yeni istiqamət üzrə əməkdaşlıq, sabaha  bir çağırışdır.

Əlaqələrimiz beynəlxalq təşkilatlar daxilində də uğurla inkişaf edir. İyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü bu baxımdan xüsusilə diqqətdə oldu. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.

Dövlət başçısı İlham Əliyev sözügedən Zirvə görüşündə də Azərbaycanla ECO-ya üzv ölkələr arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirərək bildirdi ki, Azərbaycan artıq üçüncü dəfədir  ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. O da qeyd edildi ki, keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.

Reallıq budur ki, Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri